1 Oktyabr 10:20
930
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ordu Burkina Fasoda hakimiyyəti ələ keçirdikdən sonra ölkədəki təhlükəsizlik vəziyyətini əsas gətirərək ölkənin yeni lideri kapitan İbrahim Traore olub.

Teleqraf.com xəbər verir ki, hərbçilərin dövlət televiziyasında (RTB) oxuduqları bəyanatda keçid dövrü prezidenti polkovnik-leytenant Pol-Henri Sandaoqo Damibanın hökumətinin buraxıldığı və ölkənin yeni liderinin kapitan İbrahim Traore olduğu açıqlanıb.

Bəyanatda növbəti xəbərdarlığa qədər konstitusiyanın fəaliyyətinin dayandırıldığı, ölkə sərhədlərinin bağlandığı, hökumətin buraxıldığı, saat 21.00-05.00 arasında ölkə daxilində komendant saatı elan edildiyi, bütün siyasi fəaliyyətlərin və qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dayandırıldığı bildirilib.

Çevriliş nəticəsində vəzifəsindən uzaqlaşdırılan polkovnik-leytenant Damiba və hökumət üzvlərinin harada olması ilə bağlı heç bir açıqlama verilməyib.

Gecə saatlarından paytaxt Vaqaduquda atəş və partlayış səsləri eşidilir, dövlət televiziyasının yayımı kəsilib.

Vaqaduquda küçələrə çıxan kütlə çevrilişi həyata keçirən hərbçilərə dəstək şüarı səsləndirib.

Polkovnik-leytenant Damiba bu il yanvarın 24-də çevrilişlə hakimiyyətə gəlmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu