Belarus Prezidenti Aleksandr Lukaşenko Almaniya vətəndaşlarını Alman Birliyi Günü münasibətilə təbrik edərək Minskin Berlinlə bərabərhüquqlu dialoq və əməkdaşlığa açıq olduğunu bildirib.
Teleqraf.com xəbər verir ki, Lukaşenko bununla da Berlinə açıq mesaj verib.
“Minsk Berlinlə bərabərhüquqlu dialoqa və praqmatik əməkdaşlığa, həmçinin bu il 30 ili tamam olan ikitərəfli münasibətlərin gələcək inkişafı üçün açıqdır”, - Lukaşenko qeyd edib.
Lukaşenko vurğulayıb ki, Berlin divarının yıxılması və Almaniyanın birləşməsi eraların əsl dəyişməsini və Avropada davamlı sülh və təhlükəsizliyə ümidi təmsil edir: “Siz bilirsiniz ki, uzun onilliklər ərzində bir şəhərin, xalqın, bütöv bir qitənin bölünməsinin faciəvi simvoluna çevrilən belə bir divar nə qədər iztirab, kədər və ağrı gətirə bilər. Avropanın qəlbində ölkələr arasında divarlar ucaldılan qarşıdurma dövrünə qayıdırıq”.
Belarus rəhbəri vurğulayıb ki, belaruslar və almanlar birlikdə dağıdıcı qarşıdurmadan qaçmaq və yeni fəlakətin qarşısını almaq üçün öz imkanlarını səfərbər etməlidir.