3 Oktyabr 2022 17:10
1 677
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Finlandiya və İsveçlə bağlı mesajları bu iki ölkədə panikaya səbəb olub.

Teleqraf.com xəbər verir ki, Prezident Ərdoğan hər iki ölkəni Türkiyəyə verdikləri vədlərə əməl etməyə çağırıb.

“Ölkəmizə verilən vədlər yerinə yetirilənə qədər NATO-ya üzvlük məsələsində prinsipial və qətiyyətli mövqeyimizi qoruyacağıq”, - Türkiyə lideri bildirib.

Prezident Ərdoğan vədlər yerinə yetirilməyəcəyi təqdirdə İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesinə veto qoyacaqlarını söyləyib.

İsveç dövlət televiziyası SVT Ərdoğanın çıxışına geniş yer ayırıb. Türkiyə liderindən sitat gətirən telekanal qeyd edib: “Türkiyə yenə İsveç və Finlandiyanın NATO üzvlüyünü dayandırmaqla təhdid edir”.

STV Türkiyənin tələblərinin yerinə yetirilməməsinin İsveçə baha başa gələcə biləcəyini vurğulayıb:

“Prezident Ərdoğan İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü dayandıra biləcəklərini bir daha bəyan edib. Bu iki ölkə Türkiyənin tələblərini yerinə yetirməsə, bu baş verəcək”.

Telekanal xatırladıb ki, bir ölkənin NATO-ya müraciətinin təsdiqlənməsi üçün bütün üzv dövlətlərin razılığı lazımdır. Qeyd olunub ki, Türkiyə İsveçin üzvlüyünə açıq şəkildə etiraz edən yeganə ölkədir.

Ankaranın ekstradisiyasını tələb etdiyi terrorçularla bağlı prosesin başlamasını istədiyi diqqətə çatdırılıb.

“Slovakiya da İsveç və Finlandiyanın müraciətini təsdiqlədi. İndi təkcə Macarıstan və Türkiyə qalır”, - məlumatda deyilir.

Finlandiyada nəşr olunan “Savon Sanomat” qəzeti də Türkiyə liderinin çıxışına geniş yer ayırıb. Nəşr qeyd edir ki, Ərdoğan növbəti dəfə Finlandiya və İsveçin NATO üzvlüyünə mane olacağı ilə hədələyib.

“Finlandiya və İsveçin vədlərinə əməl edib-etməmələrini yaxından izləyəcəyik və təbii ki, qərarı parlamentimiz verəcək”, - qəzet Ərdoğandan sitat gətirir.

Finlandiya və İsveçin NATO üzvlüyünün 28 NATO üzvü tərəfindən ratifikasiya edildiyi, təkcə Türkiyə və Macarıstanın təsdiqinin çatmadığı xatırladılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər