Almaniya mətbuatı Türkiyənin F-16 döyüş təyyarələrinin tədarükü ilə bağlı ABŞ-la davam etdirdiyi danışıqlara diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, alman nəşrləri Vaşinqtonun prosesi uzatmasına cavab olaraq Ankaranın müxtəlif variantları nəzərdən keçirdiyini yazırlar.
Bu variantlara Avropa İttifaqı istehsalı çoxfunksiyalı “Eurofighter Typhoon” qırıcı təyyarələri və Rusiya istehsalı SU-35-lərin daxil olduğu iddia olunur.
Aero.de adlı sayt yazır: “Diqqət həmişə SU-35-də olub. Təyyarə uzun müddətdir Türkiyə hökumətinin ən azı səthi olaraq marağındadır. Yəni SU-35 seçim olaraq qalır. Türkiyə və Rusiyanın SU-35-lə bağlı razılığa gəlib-gəlməyəcəyini görəcəyik”.
Bununla yanaşı, SU-35-lərin Türkiyə Hərbi Hava Qüvvələrinə inteqrasiyasının çətin olacağı bildirilib, digər tərəfdən “Eurofighter” döyüş təyyarələrinin alınması ehtimalının daha real olduğu vurğulanıb.
Məqalədə Türkiyənin heç vaxt alternativsiz olmadığı və hazırda Aİ ilə “Eurofighter” təyyarələrinin alınması ilə bağlı danışıqların aparıldığı qeyd edilib.
Eyni məqalədə bu da bildirilib:
“Türkiyə “Typhoon”un ən son “Tranche 3A” və ya “Tranche 4” modelini alacağına ümid edir. Amma Ankara hələ də F-16-ya üstünlük verdiyini gizlətmir”.