İranın Xarici İşlər Nazirliyi PUA-ların Rusiyaya göndərilməsi ilə bağlı xəbərləri təkzib edərək, onları əsassız adlandırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə "Mehr" ganetliyi məlumat yayıb.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib: “İran İslam Respublikası Ukrayna müharibəsində istifadə üçün Rusiyaya pilotsuz təyyarələrin tədarükü ilə bağlı məlumatı əsassız hesab edir və onları təsdiq etmir. Münaqişənin əvvəlindən biz həmişə fəal neytrallığa və müharibənin rədd edilməsinə, münaqişənin siyasi həllinin zəruriliyinə əsaslanan prinsipial və aydın siyasətimizi bəyan etmişik".
Keçirilən referendumdan danışan Kənani qeyd edib ki, Tehran öz prinsipial mövqelərinə əsaslanaraq beynəlxalq hüququn fundamental qaydası kimi digər ölkələrin ərazi bütövlüyü prinsipinə tam hörmətlə yanaşmağın zəruriliyini vurğulayır.
O, NATO-nun təxribatları nəticəsində başlayan münaqişənin davam etməsindən təəssüfləndiyini bildirib. “İran İslam Respublikası Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə yönəlmiş istənilən səyləri dəstəkləyir və həmişə bu prosesə kömək etməyə hazır olduğunu bəyan edir”, - deyə Kənani yekunlaşdırıb.