Nobel Sülh Mükafatı laureatı olan tanınmış amerikalı həkimin Gürcüstanın həbsdə olan keçmiş prezidenti Mixail Saakaşvili ilə görüşünə icazə verilməyib.
Teleqraf.com xəbər verir ki, həkim Ceyms Kobe Saakaşvili ilə görüşmək, onu müayinə etmək üçün Tbilisiyə gəlib. Lakin o, sabiq prezidentin olduğu klinikaya buraxılmayıb.
Ceyms Kobi ortoped-cərrahdır. 1997-ci ildə Minaların Qadağan edilməsi üzrə Beynəlxalq Hərəkatın könüllü həmtəsisçisi kimi Nobel Sülh Mükafatını alıb.
Gürcüstan Səhiyyə Nazirliyinin Tibbi Tənzimləmə Agentliyi sənədləşmə ilə bağlı problemləri əsas gətirərək hələlik həkimin keçmiş dövlət başçısını ziyarət etməsinə icazə verməyib.
Amerikalı mütəxəssisin tez bir zamanda qəbul edilməsi üçün vəkillər ABŞ və Ukraynanın Gürcüstandakı səfirliklərinə müraciət ediblər. Bundan əlavə, problemlə bağlı Gürcüstanın Xalq Müdafiəçisinin Ofisi məlumatlandırılıb.
Gürcüstanın səhiyyə naziri Zurab Azaraşvili bildirib ki, Ceyms Kobenin tibb fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya almaq məqsədilə təqdim etdiyi sənədlər natamam olub, ona görə də ərizə təmin edilməyib.
Xatırladaq ki, prezidentlik müddətini başa vurduqdan sonra Ukraynada yaşayıb-işləyən Mixail Saakaşvili 2021-ci ilin payızında keçiriləcək bələdiyyə seçkilərinin birinci turuna az qalmış gizli şəkildə Gürcüstana qayıdıb və bundan sonra saxlanılaraq həbs edilib.
Siyasətçinin səhhəti iki aclıq aksiyasından sonra xeyli pisləşib. Dörd aydan çoxdur ki, Saakaşvili Tbilisidəki “Vivamed” klinikasında saxlanılır.