İranda Məhsa Əmininin ölümündən sonra başlayan nümayişlər orta məktəblərə də sirayət edib. Dərsləri boykot edən tələbələr hicablarını çıxararaq etiraz olaraq “Diktatora ölüm” şüarları səsləndiriblər.
Teleqraf.com xəbər verir ki, İranda nümayişlər 17-ci gündə davam edir. Paytaxt Tehranda Universitet Tələbələri Birliyinin aksiyaya çağırışından sonra ölkə üzrə universitetlərdə başlayan etirazlar orta məktəblərə də sirayət edib.
Kerac şəhərindəki orta məktəbdə dərsləri boykot edən tələbələr İranın keçmiş ali dini lideri Ayətullah Xomeyni və hazırkı ali dini lider Ayətullah Xameneinin sinif otaqlarında asılmış şəkillərini sosial şəbəkələrdə paylaşaraq “Mollalar yoxa çıxmalıdır” şüarları səsləndiriblər.
Şiraz şəhərində onlarla orta məktəb şagirdi qız əsas yolu nəqliyyatın hərəkətinə bağlayaraq “Diktatora ölüm” şüarları səsləndirərək hicablarını çıxarıblar.
Bəzi lisey şagirdləri isə Xomeyni və Xamneyinin sinif otaqlarında olan fotoları qarşısında başları açıq vəziyyətdə dayanaraq fotolarını paylaşıblar.
Əmininin ölümündən sonra ölkənin bir çox universitetlərində, xüsusən də Tehranda nümayişlər başlayıb, daha sonra universitetlərdə təhsil dayandırılıb. Ötən şənbə günü universitetlərin yenidən açılması ilə tələbələr nümayişlərini qaldıqları yerdən davam etdirirlər. Etirazlara qatılan bir çox universitetdə şüarlarla müşayiət olunan yürüşlər keçirilərkən, digər universitetlərdə oturaq aksiyalar keçirilib və dərslər boykot edilib.
Norveç mərkəzli İran İnsan Haqları təşkilatının dünən verdiyi açıqlamada, təhlükəsizlik qüvvələri tərəfindən indiyədək ən az 154 adamın öldürüldüyü iddia edilib. İranın dövlət televiziyası ölkədə baş verən etirazlarda polis zabitləri və İnqilab Keşikçiləri Korpusunun əsas milislərinin üzvləri də daxil olmaqla azı 41 nəfərin öldürüldüyünü bildirib.