5 Oktyabr 2022 12:37
1 060
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və müttəfiqləri BMT Baş Assambleyasında Rusiyanın Ukraynanın dörd bölgəsini qanunsuz yolla ilhaq etməsini pisləyən qətnaməyə səsvermədən əvvəl mümkün qədər çox ölkənin dəstəyini almağa çalışır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Politico” qəzeti mənbələrə rəsmi istinadən məlumat yayıb.

Nəşrin həmsöhbətlərinin fikrincə, amerikalılar və avropalılar fəal şəkildə digər ölkələri Rusiyanın əleyhinə səsverməyə inandırmağa çalışırlar və bunun üçün bütün vasitələrdən istifadə edirlər: telefon danışıqları və şəxsən söhbətlər aparır, messencerlərdə yazışırlar və s.

Nəşrlə danışan yüksək rütbəli britaniyalı diplomatın sözlərinə görə, Qərb ölkələri kütləvi lobbiçilik və təbliğat işi aparır. ABŞ-da bununla demək olar ki, bütün səviyyəli diplomatlar məşğul olur: dövlət katibi Entoni Blinken, onun köməkçiləri və səfirləri. ABŞ Konqresinin üzvləri də ümumi səylərdə öz rollarını oynayırlar. Amerikalılar adətən bitərəf qalan ölkələri qətnaməyə səs verməyə inandırmaq istəyirlər. Qəzet yazır ki, amerikalıların lobbiçilik səylərinin əsas hədəfləri Hindistan, CAR və daha kiçik ölkələrdir.

Nəşr qeyd edir ki, Avropa İttifaqı BMT-nin bütün üzvlərini - 188 ölkəni qətnamə layihəsini müzakirə etməyə dəvət edib, Ukraynadakı vəziyyətlə bağlı mövqelərinə görə yalnız Belarus, Şimali Koreya, Suriya və Eritreya dəvət olunmayıb.

Qətnamədə Moskvanın Ukraynadakı qoşunlarını çıxarması tələb olunur və ərazilərin Rusiyaya birləşdirilməsini ehtiva edən referendumlar “qanunsuz və hüquqi qüvvəsi olmayan” adlandırılır.


Müəllif: Mənsur Rəğbətoğlu