6 Oktyabr 2022 11:05
2 354
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putindən general-polkovnik rütbəsi alan Çeçenistan başçısı Ramzan Kadırova yeni vəzifə verilə bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazır.

46 yaşlı Kadırovun belə yüksək rütbəyə yüksəldilməsi yeni iddiaya yol açıb.

Qeyd edək ki, Kadırov 2020-ci ilin iyulunda general-mayor, 2022-ci ilin martında isə general-leytenant rütbəsi alıb.

Ukrayna-Rusiya müharibəsində Kadırovun komandanlığı altında olan çeçenlərin rolu Kadırovun populyarlığını artırıb. Müharibənin şiddətli tərəfdarı olan Kadırov Rusiya bürokratiyasının bir çox önəmli fiqurunu açıq tənqid etməkdən də çəkinmir. Hətta Ukraynanın nüvə silahı ilə vurulmasını təklif edir.

Rusiya lideri Putinin Ukraynadakı itkilərdən sonra bir çox yüksək vəzifəli generalı postundan uzaqlaşdırdığı bəllidir. Bu kontekstdə Putin ona sadiq adamlarından biri olan Kadırovu Rusiyanın hərbi və ya təhlükəsizlik sistemində yüksəldəcəyi deyilirdi.

Rusiya mənbələri Kadırovun yüksəlişinin davam edəcəyini yazırlar. Yeni iddialardan biri də Putinin onu müdafiə naziri postuna gətirəcəyi ilə bağlıdır.

Bəzi rusiyalı ekspertlərin fikrincə, Kadırovun özü də Rusiya hakimiyyətinin hərbi qanadına nəzarət etməyə maraq göstərir. Bunun üçün hələ çox tez olduğu düşünülsə də, xüsusilə Ukrayna müharibəsindəki rolu və Kremldəki bəzi şəxsləri hədəfə alan ittihamlarından sonra Kadırovun son məqsədinin bu olduğu deyilir.

Rusiya Ukraynada uğursuzluğa düçar olduqca Kreml daxilində mübahisələrin artacağı da gözlənilir.


Müəllif: Mənsur Rəğbətoğlu