Krım körpüsündə baş verən partlayış Rusiya Federal Təhlükəsizlik Xidmətinin xeyrinə ola bilər.
Teleqraf.com xəbər verir ki, belə fikri Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) ehtiyatda olan general-mayoru, xüsusi xidmət rəhbərinin keçmiş müavini Viktor Yaqun deyib.
O, baş verənlərdə “Ukrayna izinə” qəti şəkildə inanmadığını bildirib.
“Həqiqətlə üz-üzə gəlmək lazımdır. Ukrayna xüsusi xidmət orqanları, Silahlı Qüvvələri, bütövlükdə Ukrayna özü terror təşkilatlarının metodlarından istifadə etmir”, - Yaqun bildirib.
Onun fikrincə, Krım körpüsünə yoxlamasız keçmək sadəcə mümkün deyil. Həmçinin general-mayor yük maşınının sükanı arxasında “intihar”ın ola biləcəyini də istisna etmir:
“Bunlar qətiyyən bizim üsullarımız deyil. Partlayış yerində yanacaq eşelonunun olması göstərir ki, bunlar koordinasiyalı hərəkətlər ola bilərdi. Bütün bu amillər göstərir ki, partlayışdan çox güman, daxili çəkişmələr şəraitində bəzi Rusiya xüsusi xidmət orqanları istifadə edib”.
Yaqun qeyd edib ki, əvvəllər körpünün əsas təhlükəsizliyi və müdafiəsi ilə Rusiya Silahlı Qüvvələri və Rusiya Qvardiyası məşğul olub, lakin partlayışdan sonra körpü FSB-nin nəzarətinə keçib.
“Düşünürəm ki, bu terror aktı FSB-nin xeyrinə oldu və bununla bütün məsuliyyəti Rusiya Qvardiyası və Rusiya Federasiyasının Silahlı Qüvvələrinin üzərində qaldı. Hazırda ən çox tənqid olunan məqam budur”, - general qeyd edib.
O, həmçinin iddia edib ki, FSB hökumətin cilovunu öz əlinə almaq və “xüsusi əməliyyatı” “antiterror əməliyyatı”na çevirmək istəyir: “Rusiyada körpünün vurulması ilə daxili çəkişmələr başlayıb”.