Almaniyanın keçmiş kansleri Angela Merkelə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən 2015-2016-cı illərdəki qaçqın böhranı zamanı zorakılıq və təqib təhlükəsi altında olan 1.2 milyondan çox qaçqını və sığınacaq axtaran şəxsi qəbul etdiyinə görə “Nansen” mükafatına layiq görülüb.
Teleqraf.com xəbər verir ki, İsveçrənin Cenevrə şəhərində keçirilən mükafatlandırma mərasimində çıxış edən Merkel Türkiyənin qaçqın məsələsinin həllindəki roluna diqqət çəkib.
Eks-kansler Türkiyənin öz ölkəsindən uzağa getmək istəməyən çoxlu sayda qaçqına ev sahibliyi etdiyini deyib:
“Türkiyə Yaxın Şərqdən gələn 3.8 milyon qaçqına ev sahibliyi edir”.
Merkel qaçqın böhranında Türkiyənin Almaniyadan daha böyük yükü öz üzərinə götürdüyünü, qaçqınların öz ölkələrinə təhlükəsiz şəkildə dönə bilmələri üçün davamlı həll yollarının tapılması lazım olduğunu bildirib.