ABŞ-ın F-16-ların Türkiyəyə şərtlərlə satışını nəzərdə tutan qanun layihəsini rədd etməsi Yunanıstanda hökumətlə müxalifəti üz-üzə qoyub.
Teleqraf.com xəbər verir ki, keçmiş baş nazir və ana müxalifət lideri Aleksis Çipras hökuməti sərt sözlərlə tənqid edib.
Yunanıstan Baş naziri Kiryakos Mitsotakis ABŞ-a son səfəri zamanı ölkəsinə F-35 verilməli olduğunu deyərək, Türkiyəyə F-16 verilməməsini tələb etmişdi. Çipras bunu xatırladaraq deyib: “ABŞ Senatının Türkiyəyə F-16-ların satışı ilə bağlı qərarı Mitsotakis doktrinasının son dərəcə ciddi məğlubiyyətidir”.
“Senatın F-16 döyüş təyyarələrinin satışını məhdudlaşdıran şərtləri rədd etməsi ilə Türkiyə nəinki “cəzalandırılmır”, həm də Yunanıstanın suverenliyinə birbaşa meydan oxuduğu və Liviya ilə yeni anlaşmalar imzaladığı üçün mükafatlandırılır”, - Çipras bildirib.
Çiprasın partiyası SİRİZA da Mitsotakis və komandasını milli maraqlar üçün getdikcə daha təhlükəli olmaqda ittiham edib.
SİRİZA-nın ittihamına hökumətin cavabı gecikməyib. Yunanıstan hökumətinin sözçüsü Yannis Okonomu SİRİZA-nın Türkiyənin “Anadolu” Agentliyi kimi danışdığını söyləyib.
Bundan sonra Çipras hökuməti növbəti dəfə tənqid edib:
“Nə qədər ki, Türkiyə suveren hüquqlarımıza meydan oxuyacaq, baş nazir sanksiya məsələsini qaldırmağa cəsarət etməyəcək, Ərdoğan eyni cəsarətini nümayiş etdirməyə davam edəcək”.