“Krım və Rusiyanın Belqorod vilayətinə edilən hücumların arxasında Ukrayna ordusu dayanır”.
Teleqraf.com TASS-a istinadən xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib.
“Krım yaxın əməliyyat hədəfi deyil. Amma məndən soruşsanız ki, Krım və ya Belqoroddakı partlayışları kim törədib, deyə bilərəm ki, bəli, biz”, - nazir bildirib.
Ukraynanın baş diplomatı həmçinin bildirib ki, Kiyev cənub istiqamətində tərəfdaşları, ilk növbədə ABŞ və Böyük Britaniya ilə sıx əməkdaşlıq şəraitində əks-hücum əməliyyatı hazırlayır.
Bununla belə, onun sözlərinə görə, ABŞ və Avropa Birliyinin vəd etdiyi pul yalnız ilin sonuna qədər Ukraynaya bəs edəcək.
“İlin sonuna qədər az-çox dayanacağıq, maliyyə balansını qoruya biləcəyik. Amma bundan sonra BVF-nin proqramına daxil olmalıyıq. İndiki balansla ayda təxminən 5 milyard dollar lazımdır. Amma əslində hər şey qeyri-sabitdir, ona görə də müharibəni nə qədər tez bitirsək, bir o qədər yaxşıdır”, - Kuleba bildirib.