14 Oktyabr 2022 10:18
1 954
12 Punto 14 Punto 16 Punto 18 Punto

OPEC və OPEC+ qrupunun bəzi üzvlərinin noyabrdan etibarən gündəlik neft hasilatını 2 milyon barel azaltmaq qərarı Ukrayna müharibəsində Rusiyaya mənəvi və hərbi dəstək verməyə bərabərdir.

Teleqraf.com xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar İdarəsinin direktoru Con Kirbi deyib.

Kirbi bundan sonrakı prosesi izləyəcəklərini və Səudiyyə Ərəbistanının Rusiya ilə birlikdə olub-olmadığını qiymətləndirəcəklərini, Vaşinqtonun isə Ər-Riyadla münasibətlərini nəzərdən keçirməyə davam edəcəyini bildirib:

“Ukrayna müharibəsində heç bir ölkənin Rusiyaya mənəvi, hərbi və ya iqtisadi dəstək verməsini istəmirik. Amma OPEC+ qrupunun qərarı iqtisadi təkandır. Bundan əlavə, bu qərar Putinə rahatlıq və onun müharibə planına töhfə verdiyinə görə hərbi-mənəvi dəstək kateqoriyasındadır”.

Kirbi Səudiyyə Ərəbistanının neft hasilatını azaltma qərarının digər OPEC üzvü ölkələr tərəfindən dəstəklənmədiyini, amma bu ölkələrin özlərini ona dəstək vermək məcburiyyətində hiss etdiklərini söyləyib.

Ağ Ev rəsmisi onu da deyib ki, ABŞ-ın istəyinə cavab verməkdən yayınan Səudiyyə Ərəbistanı məsələni başqa istiqamətə yönəltməyə çalışır.

Kirbi ABŞ-ın Rusiyaya qarşı koalisiyada mühüm rol oynadığını və bu mövzuda Səudiyyə ilə də danışıqlar apardığını və son həftələrdə səudiyyəlilərin neft hasilatını azaltma qərarını müxtəlif kanallarla onlara çatdırdıqlarını bildirib.

O, sözügedən qərarın sanksiya kölgəsi altında Rusiyanın gəlirlərini artıracağına diqqət çəkib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər