“F-16-ların alınması ilə həm regional, həm də qlobal sülh və təhlükəsizliyə mühüm töhfələr veriləcək”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə müdafiə naziri Hulusi Akar deyib.
“Proses davam edir. Müxtəlif gəlişmələr mətbuatda da öz əksini tapır. ABŞ Müdafiə Nazirliyi ilə əlaqələrimizi davam etdiririk. İndiyədək nümayəndə heyətləri arasında dörd görüş keçirilib. Strateji tərəfdaşımız və müttəfiqimiz ABŞ-la əlaqələrimizi saxlamaqla bu məsələnin həllini gözləyirik”, - nazir bildirib.
Akar Pentaqonun bu mövzuda Türkiyəni dəstəkləyən açıqlamalarını xatırladıb:
“Hesab edirik ki, bu məsələnin həlli ilə əlaqələrimiz daha yaxşı mərhələyə keçəcək. F-16-ların alınması ilə həm regional, həm də qlobal sülh və təhlükəsizliyə mühüm töhfələr veriləcək. F-16-ların tədarükü ilə bağlı yaxşı bir həll gözləyirik”.
Müdafiə naziri Türkiyənin güclü hava qüvvələrinə sahib olmasının regional sabitlik və NATO-nun gücü üçün önəmini vurğulayıb: “F-16 məsələsini ən qısa vaxtda müsbət nəticələndirməyə çalışırıq. Bununla yanaşı, alternativlər də var”.
Akar ABŞ-ın Yunan Kiprinə silah embarqosunu ləğv etməsi qərarı ilə bağlı sualı da cavablandırıb:
“Həmsöhbətlərimizə bildiririk ki, ABŞ neytrallıqdan və balanslaşdırılmış siyasətindən əl çəkməməlidir”.