Həbsdə olan uyğur akademik İlham Tohtinin yeddi tələbəsi separatçılıqda ittiham olunaraq həbs edilib, Tohtinin vəkili bildirir.
Keçən ay Çinin qərbindəki Xinjiang əyalətində mühakimə edilən tələbələrə, üç və səkkiz il arasında iş kəsilib.
Onlar Tohtinin uyğurlarla bağlı internet səhifəsi ilə əməkdaşlıq etməkdə ittiham olunublar.
Tohti sentyabrda separatçılıq və etnik gərginliyi artırmaqda ittiham edilərək ömürlük həbs cəzası alıb.
İlham Tohti Çinin Xinjiang bölgəsindəki müsəlman uyğur azlıqlara qarşı siyasəti haqqında çıxışlar edib, lakin separatçı olması ilə bağlı fikirləri təkzib edib. O, bir çoxları tərəfindən mötədil bir səs kimi qəbul edilir.
Onun həbsi bir çox insan haqları təşkilatları, Ağ Ev və ABŞ dövlət katibi John Kerry tərəfindən pislənib.
Tohtinin vəkili Li Fangping bildirib ki, tələbələrin həbsi barədə ona bazar ertəsi məlumat verilib.
Global Times xəbər verir ki, həbs olunan tələbələrdən altısı uyğur, biri isə yi etnik azlığının nümayəndəsidir.
İttihamçılar bildirir ki, Tohti və onun tələbələri tərəfindən idarə olunan uyğur online internet saytı Xinjiang-ın müstəqilliyini müdafiə edib.
Lakin Tohti mühakimə edilərkən Human Rights Watch təşkilatı bildirib ki, o, “birmənalı şəkildə müxtəlif icmalar və dövlət arasında dinc anlaşma və dialoqu təbliğ edib”.
Tohti və onun tələbələrinin təqib olunması Xinjiang-dakı zorakılığın ardından başlayıb.
Hakimiyyət hücumların xarici terrorist qruplar tərəfindən ilham və ya dəstək alan uyğur ekstremistlər tərəfindən həyata keçirildiyini bildirib.
Cavabında hakimiyyət, sərt tədbirlər həyata keçirərək həbslərə başlayıb.
Bazar ertəsi Urumqi bazarı və dəmiryolu stansiyasında baş vermiş hücumlarda iştirakına görə səkkiz nəfər ölüm cəzası alıb.
Lakin uyğur fəallar bildirir ki, gərginliyin artmasına Çinin Xinjiang-da həyata keçirdiyi sərt tədbirlər, mədəni və dini repressiyalar səbəb olur.
/BBC/