14 Oktyabr 2022 20:44
1 905
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyənin Suriya hökumətindən çoxpartiyalı sistemə keçid, yeni konstitusiyanın qəbulu və qaçqınların geri qayıtması ilə bağlı gözləntiləri var”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Qaziantep Universitetinin professoru Hüseyn Şeyhanlıoğlu deyib.

Şeyhanlıoğlu Türkiyənin bütün xoş niyyətli cəhdlərinə baxmayaraq Əsəd rejiminin bunu anlamadığını bildirib:

“2011-ci ildə Suriyada qarşıdurma başlayanda Türkiyənin kömək üçün bütün təklif və səylərinə baxmayaraq, İsrail-ABŞ-Rusiya-İran halqası Əsədə dəyişikliyə getməyə imkan vermədi. Əsəd Türkiyənin bütün xoş niyyətli cəhdlərinə baxmayaraq, verdiyi vədləri yerinə yetirmədi. Çünki seçki olsaydı, BƏƏS Partiyası uduzacaqdı. Əsəd Suriyanın digər ərəb ölkələrindən fərqli, çoxmillətli olduğunu və böyük bir qarşıdurmanın olacağını və prosesin dalana dirənəcəyini düşünürdü. Əsəd bu qorxu ilə silaha sarılaraq ölkəsinin yarısını məhv etdi, Vətənini yadların ixtiyarına verdi. Beləliklə, proses günümüzə qədər gəlib çatdı”.

Şeyhanlıoğlu Rusiyanın bölgədə zəiflədiyini və Türkiyənin bunu yaxşı qiymətləndirməli olduğunu vurğulayıb:

“Önəmli olan bundan sonra prosesin necə olacağıdır. Suriya 5 hissəli federasiyaya doğru gedir, bu çox çətin bir proses olacaq. Çünki Suriya bölünməməli olan bir bölgədir. Hazırda Rusiya regionda zəifləyib, biz bu fürsətdən istifadə etməliyik. Ruslar Aralıq dənizi sahillərini güclə saxlayırlar. Rusları buradan uzaqlaşdırmalıyıq. Çünki İran quruda qalsa, bu, Türkiyənin cənubdan mühasirəyə alınması demək olardı. Bu o deməkdir ki, Suriya heç vaxt müstəmləkəçilikdən çıxmayacaq. Suriyada neft, torpaq resursları, su var və ABŞ Fəratın şərqindən PYD vasitəsilə ona nəzarət edir. Bu bölgədə terrorizm burada qarşıdurmanın davam etməsi deməkdir”.

Ankaranın Əsədlə görüşünün şərtlərinə toxunan Şeyhanlıoğlu deyib:

“Suriyanın normallaşması Yaxın Şərq və dünyanın normallaşması deməkdir. Burada Türkiyə, İran və Misir digər ərəb ölkələri ilə birlikdə yeni Suriyaya keçid prosesində əməkdaşlıq etməlidir.

Məncə Türkiyənin Əsədlə görüşməsi üçün üç əsas şərt var.

Bunlardan birincisi çoxpartiyalı sistemə keçid, ikincisi konstitusiya islahatı, üçüncüsü isə qaçqınların geri qayıtmasıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər