İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Jozef Borrell arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, İranda Məhsa Əmininin ölümündən sonra başlayan kütləvi nümayişlərə toxunan Abdullahiyan Qərb ölkələrini səmimi olmamaqda ittiham edib.
“Bəzi Qərb liderləri Məhsa Əmini hadisəsindən bəhanə kimi istifadə etməyə çalışırlar. Qərb ölkələri ABŞ və Kanadada polis zorakılığı nəticəsində ölən qadınlar və uşaqlar üçün nə edib?”, - nazir deyib.
Abdullahiyan qeyd edib ki, Qərbdə etiraz aksiyalarına qarşı hər cür mübarizə müsbət qarşılansa da, İrandakı vəziyyəti “sərt yatırılma” adlandırmaq qəbuledilməzdir: “Dinc nümayişlərlə iğtişaş və ictimai əmlaka ziyan vurmaq bir-birindən tamam fərqlidir və biz dinc nümayişlərə icazə verir və dəstəkləyirik”.
Nazir İranın xalqın dəstəklədiyi demokratiyaya malik olduğunu iddia edib:
“Bura çevrilişlər və ya rəngli inqilablar ölkəsi deyil”.