Ukrayna ilə müharibə vəziyyətində olan Rusiyanın paytaxtı Moskvanın yeraltı dayanacaqlarında yataq yerləri hazırlanır, qızdırıcılar və ilk tibbi yardım dəstləri yerləşdirilir. Belə yeraltı obyektlərin bomba sığınacaqları kimi istifadə edilməsi planlaşdırılır.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın “Vajnıye istorii” nəşri yazır.
Mənbə bildirir ki, moskvalılardan oktyabrın 18-dək yeraltı dayanacaqlar mülki müdafiə obyektlərinin təyinatına uyğunlaşdırılacağından oradakı avtomobillərini və şəxsi əşyalarını çıxarmaq tələb olunub.
Müvafiq qərarın oktyabrın 11-də Moskva meriyasında keçirilən iclasda qəbul edildiyi göstərilir.
O da qeyd edilir ki, müharibənin Rusiyaya sıçrayacağı ehtimalına qarşı sığınacaqların hazırlanmasına bu ilin yazında başlanılıb.
İddiaya görə, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ölkənin cənub vilayətlərinə mülki müdafiənin mühafizə strukturlarını lazımi vəziyyətə gətirməyi tapşırıb.
Məlumata görə, müharibə başlayandan bəri Soçi meriyasının Təsərrüfat İdarəsi iki dəfə idarəetmə qurumlarının rəhbərlərinə mülki müdafiə mühafizə strukturlarının və radiasiya əleyhinə anbarların hazırlığının yoxlanılması ilə bağlı məktublar göndərib.