Səudiyyə Ərəbistanı müdafiə naziri Xalid bin Salman OPEK+ qrupunun qərarının sırf iqtisadi səbəblərdən verildiyini, buna görə ölkəsinin Ukraynaya qarşı Rusiyanın tərəfində olmaqda ittiham edilməsinə təəccübləndiklərini bildirib.
Teleqraf.com xəbər verir ki, nazir bu barədə Tvitter hesabında yazıb.
“Səudiyyə Ərəbistanının Ukrayna-Rusiya müharibəsində Moskvanın tərəfini tutmaqda ittiham edilməsi bizi təəccübləndirdi. Qeyd edim ki, bu əsassız ittihamlar Ukrayna hökumətindən gəlmir. OPEC+ qrupunun qərarı sırf iqtisadi səbəblərə görə verilsə də, bəziləri Səudiyyə Ərəbistanını Rusiyanın tərəfini tutmaqda ittiham edirlər”, - Salman vurğulayıb.
Şahzadə bin Salman əlavə edib:
“İran da OPEK-in üzvüdür, bu o deməkdir ki, Səudiyyə Ərəbistanı onun da tərəfindədir?”
OPEK+ qrupu oktyabrın 5-də Avstriyanın paytaxtı Vyanada keçirilən iclasda gündəlik neft hasilatının noyabrdan 2 milyon barel azaldılması barədə qərar qəbul edib. Bu qərardan sonra Ağ Ev ABŞ Prezidenti Co Baydenin Səudiyyə Ərəbistanı ilə münasibətləri yenidən nəzərdən keçirdiyinə dair açıqlama verib.
Açıqlamada OPEK+ qrupunun məlum qərarının ABŞ tərəfindən Səudiyyənin müharibədə Rusiyanı dəstəkləməsi kimi qəbul edildiyi bildirilib.