Çin Kommunist Partiyasının 20-ci qurultayı oktyabrın 16-da Pekində öz işinə başlayıb. Beş ildən bir keçirilən bu qurultayda hazırki sədr Si Cinpinin üçüncü dəfə partiya sədri seçiləcəyi əvvəlcədən məlum idi. Cinpin qurultayda çıxış edərək, partiya və ölkəsi qarşısında dayanan çağırışlardan danışıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analitik təhlilində deyilir.
Mərkəzin ekspertləri bildirirlər ki, Çin liderinin çıxışındakı əsas mövzulardan biri Tayvan olub:
“Cinpinin sözlərinə görə, Çin milli və təhlükəsizlik maraqlarını qorumaq bacarığına malikdir: “Əsas hədəfimiz Tayvanı sülh şərahitində ölkəmizə birləşdirməkdir. Ancaq bu alınmasa, güc yolunun tətbiqindən də imtina etmirik. Tayvanın müstəqilliyini qəbul etmirik, separatçılığa qarşı mübarizəmiz davam edir. Separatçılara və Tayvanın müstəqilliyinə dəstək verən qüvvələrin təxribatına qarşı mübarizəmizi davam etdirəcəyik”.
Si Cinpin Tayvanı Çinin materik hissəsinə birləşdirmək üçün bütün mümkün imkanlardan istifadə edəcəyini bildirib: “Tayvanın müstəqilliyinə imkan verməyəcəyik. Ancaq bu o demək deyil ki, Tayvanda yaşayan əhali bundan zərər görəcək”.
Cinpin Çinin sülhpərvər müstəqil xarici siyasətini davam etdirəcəyini vurğulayıb: “Çinin xarici siyasəti beynəlxalq aləmdə sülhə, ədalətə və əməkdaşlığa xidmət edir. Biz hansısa dövlətin hegemoniyasının əleyhinəyik. Çin beynəlxalq əlaqələrdə yeniliyə üstünlük verir və qlobal idarəetmənin islah olunmasına çalışır. Çin hegemoniya və sərhədlərini genişləndirmək üçün istəmir. Çin “soyuq müharibə” dövrünün düşüncəsini qəbul etmir, başqa dövlətlərin daxili işlərinə qarışmır və ikili standartlara qarşı çıxır”.
Cinpinin çıxışının bu və Tayvanla bağlı hissəsi ABŞ-a aiddir. Çünki Tayvanı məhz Vaşinqton dəstəkləyir. Digər tərəfdən, Cinpin “hegemoniya” və “soyuq müharibə” ifadələrini işlətdikdə də Vaşinqtonu nəzərdə tutub”.
Mərkəzin ekspertlərinin fikrincə, Cinpinin qurultaydakı çıxışından o aydın olur ki, Pekin Tayvanı nə yolla olur-olsun Çinə birləşdirməyə çalışacaq:
“Bu, sülh yoluyla alınmayacaq. Demək, Pekin güc variantını nəzərdən keçirəcək. Ancaq bu, Pekinin Vaşinqtonla qarşıdurmasına gətirib çıxaracaq.
Bu arada, məşhur amerikalı biznesmen İlon Mask Tayvan adasının Honq Konq kimi Çinə birləşdirilməsini təklif edib. Mask hesab edir ki, Tayvan uğrunda mübarizə dünyaya baha başa gələcək. Maskın narahatlığı həm də biznesiylə əlaqəlidir. Maskın Şanxayda “Tesla” zavodu var və bu müəssisə böyük gəlir gətirir. Mask bunu itirmək istəmir”.