İranın kamikadze pilotsuz təyyarələrinin Kiyevin mülki infrastrukturuna kütləvi hücumu Rusiyanın hərbi əməliyyatlarını genişləndirmək planına uyğundur.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında deyilir.
ISW analitikləri bildirirlər ki, Rusiya döyüş meydanında ciddi nəticə əldə etməkdənsə, Ukraynada psixoloji terrora üstünlük verir.
Amerikalı hərbi ekspert Brett Fridmanın fikrincə, İranın “Şahid-136” kamikadze dronlarının Ukraynanın paytaxtına endirdiyi beş zərbənin təsirini geniş əraziyə atılan 15 artilleriya mərmisinin zərbəsinin təsiri ilə müqayisə etmək olar.
Ekspert qeyd edib ki, belə zərbələr nəticəsində ciddi hərbi effekt olmasa da, çoxlu sayda insan həlak ola və yaralana, mülki infrastruktura ciddi ziyan dəyə bilər.
Fridman Rusiyanın Ukraynada törətdiyi psixoloji terrorda əsasən İran istehsalı “Şahid-136” dronlarından istifadə etdiyini söyləyib.
Dünən səhər saatlarında Rusiya ordusu Kiyevə 28 kamikadze dronu atıb. Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri pilotsuz təyyarələrin əksəriyyətini vursa da, beş zərbənin qarşısını ala bilməyib.