Qırğızıstana Özbəkistanla sərhəddə sülh və əmin-amanlıq lazımdır.
Teleqraf.com xəbər verir ki, bunu Qırğızıstan müdafiə naziri Baktıbek Bekbolotov deyib.
“Özbəkistanla sərhəddə sabitliyin pozulmasına ehtiyac yoxdur”, - nazir vurğulayıb.
Onun sözlərinə görə, hazırda Daşkənd və Bişkek dövlət sərhədinin ümumi hissəsinin delimitasiyası və demarkasiyası ilə bağlı məsələləri uğurla həll edir.
“Hər şey əla gedir”, - Bekbolotov söyləyib.
Nazir bildirib ki, hər iki dövlətin nümayəndələri sərhədin keçid xəttinin müəyyənləşdirilməsi ilə bağlı onlara verilən tapşırıqların öhdəsindən uğurla gəlirlər.
Hazırda Qırğızıstan parlamenti sərhədin delimitasiyası və demarkasiyası haqqında qanun layihəsinə baxır.
Qırğızıstan-Özbəkistan sərhədinin uzunluğu 1300 kilometrdən çoxdur. SSRİ-nin dağılmasından sonra sərhəd xətti boyunca bir neçə istiqamətdə ərazi mübahisəsi yaranıb. Son 30 ildə Bişkek və Daşkənd sərhədin demarkasiyası və delimitasiyası ilə bağlı razılığa gələ bilmirdi. Tərəflər 2017-ci ilin payızında prosesi intensivləşdirməyə nail olublar. Bu ilin əvvəlində isə təxminən 50 mübahisəli məsələ həllini tapıb, 230 kilometrə dair razılığa gəlmək mümkün olub.
Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Kamçıbek Taşiyevin sözlərinə görə, qalan mübahisəli ərazilərə dair saziş layihəsində Qırğızıstan tərəfinin təxminən 19 min hektar, Özbəkistanın isə 4.5 min hektar mübahisəli ərazisinin olduğu nəzərdə tutulur. Bura 1983-cü ildə tikilən Kəmpir-Abad (Əndican) su anbarı da daxildir.
Son razılaşmaya görə, gələcəkdə tərəflər anbarın su ehtiyatlarınından paritet şərtlərlə istifadə edəcəklər.