19 Oktyabr 2022 16:29
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib.

Teleqraf.com-un məlumatına görə, iclası açan komitə sədri Bəxtiyar Əliyev bildirib ki, gündəliyə bir məsələ - “Təhsil haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi daxil edilib.

Gündəliyin təsdiqindən sonra Bəxtiyar Əliyev qanun layihəsi barədə məlumat verib. Bildirib ki, qanunun 29-cu və 32-ci maddələrinə dəyişiklik təklif olunub. Komitə sədri qeyd edib ki, “Təhsil haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi orta ixtisas və ali təhsil (doktorantura istisna olmaqla) pillələrində təhsilalanların bir təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması və akademik məzuniyyət götürməsinin hüquqi əsaslarının formalaşdırılması zərurətindən irəli gəlir.

Sonra Elm və Təhsil Nazirliyi Aparatı rəhbərinin müavini Yaqub Piriyev qanun layihəsinə təklif olunan dəyişikliklər haqqında ətraflı məlumat verib. Qeyd edib ki, təqdim olunan dəyişikliklər orta ixtisas və ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) qaydalarının müəyyən olunmasını ehtiva edir.

Qanun layihəsinin müzakirəsində komitə sədrinin müavini Musa Qasımlı, komitə üzvləri İsa Həbibbəyli, Eldar Quliyev, Etibar Əliyev, Ceyhun Məmmədov, Anar İsgəndərov, Kamilə Əliyeva, Aqiyə Naxçıvanlı, Tamam Cəfərova, Müşfiq Məmmədli və Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxış ediblər. Deputatlar dəyişikliklərlə bağlı fikirlərini bildiriblər, qeyd və təkliflərini diqqətə çatdırıblar.

Müzakirələrin sonunda qanun layihəsini birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə ediblər.


Müəllif: Nemət

Oxşar xəbərlər