Qərb ölkələrinin İranın Rusiyaya pilotsuz uçan aparatlar (PUA) ixrac etməsi ilə bağlı ittihamları növbəti dezinformasiyadır.
Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polyanski deyib.
"Qərbli həmkarlarımızın məqsədi bəllidir. Eyni anda iki hədəfi vurmağa çalışırlar. Rusiya və İrana təzyiq göstərmək üçün süni bəhanələr yaradırlar. Beynəlxalq ictimaiyyətin diqqətini Ukrayna münaqişəsində faktiki iştiraklarından yayındırmağa çalışırlar”, - diplomat vurğulayıb.
Polyanski söyləyib ki, Qərb BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin pozulması ilə bağlı “əsassız ittihamlar” irəli sürərək İrana təzyiq göstərməyə çalışır.
Ölkə rəsmisi əlavə edib ki, Rusiya İrandan PUA tədarükü ilə bağlı iddiaların təhqiqatına cəlb olunarsa, BMT katibliyi və baş katiblə münasibətlər nəzərdən keçiriləcək:
“Ümid edirik ki, katiblik və baş katibin özü BMT Təhlükəsizlik Şurasının qərarlarını pozmayacaq, öz texniki mandatlarından kənara çıxmayacaq və hər hansı qanunsuz araşdırmalarda iştirakdan çəkinəcək. Əks halda, əməkdaşlığımızı yenidən nəzərdən keçirməli olacağıq. Bunu istəmirik, amma başqa seçim olmayacaq”.
Polyanski BMT katibliyi ilə münasibətlərin yenidən nəzərdən keçirilməsinin nə demək olduğu ilə bağlı suala belə cavab verib:
“Bu, vəziyyətə görə dəyişir, amma ümid edirik ki, belə məsuliyyətsiz addımdan çəkinəcəklər”.
Diplomatın sözlərinə görə, Qərbin müvafiq ittihamları İranın nüvə proqramı üzrə danışıqlar prosesini çətinləşdirəcək.