Rusiya Prezidenti Vladimir Putinin “Şimal Axını” xətlərindən göndərilə bilməyən təbii qazın Qara dəniz üzərindən nəql olunacağı, hətta Avropa üçün Türkiyədə qazpaylama mərkəzi yaradıla biləcəyi ilə bağlı açıqlaması bütün dünyada əks-səda doğurub.
Teleqraf.com xəbər verir ki, Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra Moskvaya sanksiya səbəbindən təbii qazla bağlı ciddi problemlə üzləşən Avropaya ABŞ-dan milyardlarla dollarlıq mayeləşdirilmiş təbii qaz (LNG) satılacaqdı. Mart ayında bununla bağlı ABŞ və Avropa Birliyi arasında saziş də imzalanıb.
İndi isə Putinin ABŞ-ı narahat edən Türkiyə təklifinin arxasında bu LNG satış planını pozmaq qorxusunun dayandığı bildirilir.
ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Vedant Patel baş verənlərlə bağlı deyib:
“ABŞ olaraq biz müttəfiqlərimizi enerji mənbələrini şaxələndirməyə və Rusiyadan enerji asılılığını azaltmaq üçün addımlar atmağa çağırırıq. Xüsusilə uzunmüddətli enerji təhlükəsizliyini gücləndirmək səylərinə kömək etmək üçün Türkiyə ilə sıx əməkdaşlıq edirik”.
Patel Türkiyəyə qarşı sanksiyalar məsələsinə də toxunub:
“Türkiyə və bütün müttəfiqlərimizə və tərəfdaşlarımıza izah etmişik ki, heç kim Rusiyanın qeyri-qanuni aktivləri və ya əməliyyatları üçün təhlükəsiz sığınacaq halına gəlməməlidir və bunu etməyə davam edəcəyik”.
ABŞ maliyyə nazirinin müşaviri Elizabet Rozenberq bir neçə gün əvvəl Türkiyəyə səfər edib. Rozenberq bu ölkədə olduğu üç gün ərzində Türkiyə Maliyyə Nazirliyi və Xarici İşlər Nazirliyindəki həmkarları ilə görüşüb.
“Bu danışıqlar sanksiyalardan yayınma və digər qeyri-qanuni maliyyə fəaliyyətləri nəticəsində yaranan risklərin həllində ABŞ və Türkiyə arasında sıx əməkdaşlığın vacibliyini bir daha təsdiqlədi”, - səfərlə bağlı məlumatda deyilir.