İranın paytaxt Tehrandan sonra ikinci böyük şəhəri olan Məşhəddə 17 yaşlı tələbə həyatını itirib.
Teleqraf.com xəbər verir ki, yeniyetmə rejim əleyhinə nümayişlər zamanı öldürülüb.
Əbülfəzl Ədinəzadə adlı yeniyetmə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən güllələnib. Güllənin kifayət qədər yaxın məsafədən açıldığı qeyd edilir. Rəsmilər qətllə bağlı heç bir açıqlama verməyiblər.
Əbülfəzlin ölüm şəhadətnaməsində onun ölümünün səbəbi kimi güllə yarası nəticəsində yaranan qaraciyər və böyrək çatışmazlığı göstərilib. Həkimi ölümcül atəşin bir metrdən də az məsafədən açıldığını bildirib.
Sosial şəbəkələrdə paylaşılan videoda yeniyetmənin atası olay haqda belə deyib: “O, hansı cinayəti törədib ki, onun qarnına 24 güllə vurmusunuz?”
İranda sentyabrın 17-dən kütləvi etiraz aksiyaları keçirilir. Bunun səbəbi 22 yaşlı Məhsa Əmininin ölümüdür. Qız “əxlaq polisi” tərəfindən hicab qaydalarına əməl etmədiyi iddiası ilə qətlə yetirilib. Məlumata görə, saxlanılan qız təcridxanada işgəncəyə məruz qalıb.