“Biz yüngül silahlar, helikopterlər, haubitsalar, pilotsuz uçuş aparatları və gəmilər istehsal edirik. Onları dost və qardaş ölkələrə ixrac edirik”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
Nazir əlavə edib ki, Türkiyə silah istehsalını inkişaf etdirmək niyyətindədir: “Biz bu səviyyəni daha da irəli aparmalıyıq. Nə qaldı, təyyarə və tank qaldı. Biz həm təyyarələr, həm də tanklar istehsal edəcəyik. Şükürlər olsun ki, bunun üçün işçilərimiz, infrastrukturumuz, mühəndislərimiz də var. Bir tərəfdən vəqf şirkətləri, universitetlər, digər tərəfdən özəl şirkətlər və ictimaiyyət bir yumruq kimi işləyir.
Ölkəmizin təhlükəsizliyi, yaşaması və rifahı baxımından biz yerli və milli səviyyədə ordumuzun istəklərinə cavab verməliyik. Bu lüks və ya seçim deyil, zərurətdir. Bunu gələcəyimiz və yaşamağımız baxımından etməliyik, ümid edirəm ki, bunu da edəcəyik”.