Türkiyənin müdafiə sənayesi kompleksi yerli istehsalda səviyyəni hər gün yüksəldir. Türkiyədəki bu gəlişmələr Yunanıstanda narahatlıqla izlənilir.
Teleqraf.com xəbər verir ki, Türkiyənin müdafiə sənayesində atdığı addımlar Yunanıstan mətbuatında təşviş yaradıb.
Türkiyənin ROKETSAN şirkətinin istehsal etdiyi yerli ballistik raket ”Tayfun”u gündəmdən düşürməyən yunan nəşrləri bütün Yunanıstanın “Tayfun”un mənzili daxilində olduğunu yazırlar. Yunan mətbuatı Türkiyənin müdafiə sənayesinin sürətlə inkişaf etdiyini vurğulayır.
Ötən günlərdə Rizədə uğurla sınaqdan keçirilən qısamənzilli ballistik raket “Tayfun”a diqqət çəkən “Ta Nea” qəzetinə danışan yunan analitiklər Yunanıstandan fərqli olaraq Türkiyənin müdafiə sənayesinin sürətlə inkişaf etdiyini deyirlər.
“To Vima” qəzeti də “Tayfun”un mənzilinə diqqət çəkir.
“Skai” telekanalı Türkiyənin Qara dənizdə ballistik raketini sınaqdan keçirdiyini bildirərək, “Tayfun”un 561 kilometr məsafə qət etdiyini qeyd edir.
“Kathimerini” qəzeti də Türkiyənin yerli ballistik raketini Qara dənizdə sınaqdan keçirdiyini vurğulayır. Nəşr Türkiyədə baş verənlərin Yunanıstanda narahatlıqla izlənildiyini yazır.
Qeyd edək ki, Türkiyə Müdafiə Sənayesi Nazirliyinin “Tayfun” raket layihəsi çərçivəsində oktyabrın 18-də Rizədə ballistik raket sınağı həyata keçirilib. Raket hədəfi uğurla vurub.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sınaqdan bir dörd gün sonra bu barədə yayılan məlumatı təsdiqləyib.
Yunanıstan rəsmilərinin və mediasının sınaqlara reaksiyasından danışan Türkiyə lideri deyib:
“İndi bizim “Tayfun”umuz var. Bunlar bəzi yerlərə mesaj olur. Biz də zövqlə izləyirik”.