“Ukraynanın Rusiya işğalından azad edilmiş hər bir bölgəsində ölkəmizin vətəndaşlarına qarşı cinsi xarakterli cinayət faktları qeydə alınır”.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Baş Prokurorluğun cinsi zorakılıq işlərinə baxan prokuroru İrina Didenko deyib.
Prokuror bildirib ki, cinsi zorakılığa məruz qalanlar iki şeydən qorxurlar:
“Birincisi, qonşuları tərəfindən qınanılmalarıdır. Burada məqsədimiz insanlara sübut etməkdir ki, belə bir cinayətdə həmişə yalnız cinayətkar günahkardır. Zərərçəkmişi heç vaxt günahlandırmaq olmaz. İkincisi, Rusiya ordusunun geri qayıtmasıdır.
Məhz buna görə də belə hallarda şəxsi məlumatlar, yaşayış yerləri və istənilən informasiyalar dəyişdirilir ki, şəxs ifadə verərkən özünü təhlükəsiz hiss etsin.
İnsanlar işğalçıların geri dönəcəyindən qorxurlar. Ona görə də bu barədə danışmaqdan çəkinirlər. Müşahidələrimizə görə, təxminən belə hallara məruz qalanların əlli faizi bu səbəbdən heç kimdən kömək istəmir. Belə insanları başa düşməliyik, çünki çox qorxurlar.
Bundan əvvəl “Sky News”a açıqlamasında Kiyev yaxınlığındakı kəndlərdən birində yaşayan 42 yaşlı Vika və 44 yaşlı Nataşa rus işğalçıları tərəfindən necə zorlandıqları barədə dəhşətli əhvalatlar danışıblar.
Kiyev vilayətində 11 yaşlı uşaq anasının gözü qarşısında zorlanıb.
Kiyev vilayətinin Bux şəhərində beş işğalçı tərəfindən zorlanan və hamilə qalan 14 yaşlı qız intihara cəhd edib. Amma valideynlərinin müdaxiləsi ilə azyaşlının həyatını qurtarmaq mümkün olub.