42 yaşlı siyasətçi Rişi Sunak haqda müxtəlif fikirlər səsləndirilir. “Mirror” yeni rəhbərin seçilmə üsulunu tənqid edərkən, “Star” hər ay ölkədə yeni baş nazirin seçildiyini yazıb.
Teleqraf.com xəbər verir ki, dünən Böyük Britaniyada hakim Mühafizəkarlar Partiyasında keçirilən liderlik seçkilərində Rişi Sunak qalib gəlib.
Hind əsilli siyasətçi Liz Trassı əvəz edib və ölkənin yeni baş naziri olub.
Britaniya nəşrləri Sunakın seçilməsinə geniş yer verib. Bəzi qəzetlər ölkənin yeni rəhbərini sərt formada tənqid ediblər.
“Sun” oxucularının qarşısına “Yeni (seçilməmiş) baş nazirimiz. Sənə kim səs verdi, Rişi?” adlı məqaləsi ilə çıxıb.
Trassdan sonra bir səs almadan hakimiyyətə gəldiyi və Sunakın Kral Çarlzdan daha zəngin olduğu bildirilib. Məqalənin fotosunda Sunakın sevindiyi və tərəfdarlarının əhatəsində olduğu anlardan kadr yer alıb.
“Rişi, güc səninlədir” deyən “Sun” əlində şüa qılıncı olan Sunakın “Ulduz Müharibələri” fanatı olduğunu vurğulayıb.
Nəşr 42 yaşlı siyasətçinin ölkə tarixində hind əsilli ilk baş nazir olduğuna diqqət çəkib.
“Daily Star” Britaniyada baş nazirin demək olar ki, hər ay dəyişdiyini əks etdirən görüntü hazırlayıb.
Nəşr Sunakın fotosunu təqvimdə oktyabr ayında yerləşdirib və ölkənin yeni liderinin bu ayın sonuna qədər davam edib-etməyəcəyi sualını verib.
“Balaca Rişi Sunak Britaniyanın ilin üçüncü baş naziridir. Görək, oktyabrın sonuna qədər işini icra edə biləcəkmi?”, - məqalədə vurğulanır.
“Guardian” xəbərində Sunakın Mühafizəkarlar partiyasından olan millət vəkillərinə “Birləşin, yoxsa məhv olacağıq” xəbərdarlığına yer verib.
Sunakın seçildikdən sonra tərəfdarları ilə verdiyi poza nəşrin ilk səhifəsində dərc olunub. Ayrıca keçmiş Baş nazir Trass haqqında “Ən yaxşı necə məğlub və sağ qalmaq olar?” ifadəsinə yer verilib.
“Financial Times” Rişi Sunakın dərinləşən iqtisadi çətinliklərin öhdəsindən gəlməyə söz verdiyini vurğulayıb.
“Mail” qəzetində Sunakın tam səhifəlik fotoşəkili “Britaniya üçün yeni şəfəq” başlığı ilə yer alıb. Ayrıca, Rişi Sunakın Britaniyanın müasir tarixində ən gənc baş nazir olduğu qeyd edilib.
Siyasətçinin köklərinin Asiyaya qədər uzandığı, Sunakın seçilməsinin Mühafizəkarlar Partiyasının mübarizəsinin başlanğıcı demək olduğu bildirilib.