26 Oktyabr 2022 10:56
728
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Deutsche Bank”ın rəhbəri Kristian Syunqun sözlərinə görə, Hindistanın iqtisadi artım tempi böyük bankların və maliyyə mərkəzlərinin diqqətini cəlb edir. Bank rəhbəri hesab edir ki, dünya iqtisadiyyatında geriləmə qeydə alınarkən, Hindistan böyük investisiyalar cəlb etməyə müvəffəq olub. Əhalisi bir milyarddan çox olan Hindistan Çinlə rəqabəti gücləndirib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analitik təhlilində deyilir.

Bununla belə, mərkəzin ekspertlərinin fikrincə, bölgədəki siyasi risklər Hindistan iqtisadiyyatının inkişafını əngəlləyə bilər:

“Məsələn, Kəşmirdəki həssas durumun gərginləşməsi hər an sabitliyi poza bilər. Dünyanın böyük maliyyə mərkəzləri isə sabit ölkələrə yatırımlar qoymaqda maraqlıdırlar, qeyri-müəyyənlik və hərbi toqquşma investorları ölkədən qaçırda bilər. Məsələn, Rusiyanın Ukraynaya qarşı davam etdirdiyi işğalçı müharibə və ya Tayvan adasına görə Çinlə ABŞ arasındakı münasibətlərdə yaranmış gərginlik beynəlxalq maliyyə mərkəzlərini Rusiya və Çindən uzaqlaşdırıb.

Rusiya və Çindən uzaqlaşan kapitalın Hindistana yönəldiyi bildirilir. Məşhur “Citigroup”un rəhbəri Manolo Falkonun sözlərinə görə, dünyada müxtəlif gərginliklər fonunda yatırımların Hindistana istiqamətlənməsi müşahidə olunur. Halbuki yatırımlar əvvəlki illərdə Çinə yönəlirdi. İnvestorları Çindən uzaqlaşdıran Tayvan böhranı ilə yanaşı, Pekinin koronavirusla mübarizədə sərt qapanmalar əmri olub. Pekin harada virus aşkarlayırdısa, həmin şəhəri həftələrlə qapadırdı. Bu isə həmin şəhərlərdəki müəssisələrin fəaliyyətini iflic edirdi. Nəticədə həmin müəssisələrə yatırım qoyanlar maliyyə itkisi ilə üzləşdilər və gəlirdən məhrum oldular, digər tərəfdən müəssisələr arasında zəncir halqası qırıldı”.

Ekspertlər bildirirlər ki, Dehli bu vəziyyətdən öz məqsədləri üçün istifadə edir:

“Hindistan ötən il 83 milyard dollar yatırım cəlb etməyə müvəffəq olub. Bunu hindli milyarder və Asiya qitəsinin ən varlı adamı Qautam Andan Sinqapurda keçirilən konfransda deyib. Ancaq Baş nazir Narendra Modinin siyasətini Qərbdə tənqid edənlər də var. Tənqidçilərin sözlərinə görə, Hindistan hökumətində və idarəetmədə üstünlük hindlilərə verilir, müsəlmanlar və digər etnik qrupların imkanları məhduddur. Bu siyasət sabitliyi pozmaq və iqtisadi artıma mənfi təsir edə bilər. Ona görə də Modi hökuməti iqtisadi artımın dayanıqlı olmasını təmin etmək istəyirsə, ölkə içində sabitliyə zərər verəcək addımlardan çəkinməlidir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər