26 Oktyabr 2022 16:32
681
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna baş nazirinin müavini İrina Vereşçuk qış aylarında artan Rusiya təhlükəsi ilə əlaqədar xaricdə yaşayan ukraynalılara yaza qədər ölkədən kənarda qalmağı tövsiyə edib.

Teleqraf.com xəbər verir ki, ölkə rəsmisi təhlükənin getdikcə yenidən artdığını bildirib.

“Təəssüf ki, elektrik şəbəkələri baş verənlərə tab gətirə bilmir. Əgər qışı xaricdə keçirmək imkanınız varsa, buna dəyər”, - Vereşçuk deyib.

Ukrayna rəsmisi həmçinin Rusiyanın döyüş meydanında uduzduğu üçün dinc əhaliyə qarşı terrora üz tutduğunu vurğulayıb.

Vereşçuk qeyd edib ki, ukraynalılar yazda Xarkov və Xerson vilayətlərini, Ukraynanın bütün digər şəhər və kəndlərini birlikdə yenidən qurmağa başlayacaq.

“İndi geri dönsəniz, özünüzü, uşaqlarınızı və yaxınlarınızı riskə atmış olacaqsınız”, - baş nazirinin müavini bildirib.

Ukraynanın enerji infrastrukturu fevralın 24-də müharibə başlayandan bəri Rusiyanın hava hücumlarının hədəfindədir.

Ukrayna hökuməti ötən həftə açıqlama verərək bildirib ki, zədələnmiş elektrik stansiyalarında hasilatın azalması səbəbindən ölkə üzrə enerji istehlakını 20 faiz azaldacaq.

Ukrayna Prezidenti Vladimir Zelenski oktyabrın 10-dan bu yana ölkənin elektrik stansiyalarının 30 faizinin məhv edildiyini açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər