Səudiyyə Ərəbistanının BMT-də Rusiyanı pisləyən qətnamələri dəstəkləməsi və Ukraynaya humanitar yardım göstərməsi OPEK+ qrupunun neft hasilatını azaltmaq qərarını kompensasiya etmir.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.
OPEK+ qrupunun məlum qərarına görə, ABŞ Prezidenti Co Baydenin Səudiyyə Ərəbistanı ilə münasibətləri nəzərdən keçirəcəyi ilə bağlı açıqlamasına münasibət bildirən Blinken qeyd edib:
“Münasibətlər onilliklər ərzində iki ölkənin fərqli hökumətləri və liderləri tərəfindən ABŞ-ın bir çox maraqları nəzərə alınaraq qurulub. Bütün bu maraqlar nəzərə alınaraq, Konqreslə iki ölkə arasındakı münasibətləri müzakirə edəcəyik”.
Blinken OPEK+ qərarının səhv olduğunu açıq şəkildə bildirdiklərini və bunun COVID-19 pandemiyasından sonra dünyada iqtisadiyyatların bərpa olunmağa başladığı vaxtda Rusiyanın enerjiyə əsaslanan gəlirlərini artırdığını və qlobal inflyasiyanın yüksəlməsinə “töhfə” verdiyini söyləyib.
“Ancaq bunu dedikdən sonra qərardan bəri bir neçə maraqlı şey gördük. Səudiyyəlilər BMT-də Rusiyanın təcavüzünü, xüsusilə də Ukrayna ərazilərinin qondarma ilhaqını pisləyən qətnaməni dəstəklədilər. Səudiyyəlilərin Ukraynaya 400 milyon dollara yaxın humanitar yardım göstərdiyini də gördük. Bunlar müsbət irəliləyişlərdir. Amma bunlar OPEK+ qrupunun qərarını kompensasiya etmir, bunu nəzərə alırıq”, - dövlət katibi vurğulayıb.