Rusiyadan fərqli olaraq, Çin öz ordusunun və kəşfiyyat xidmətinin müasir texnologiyalarla təchizatını gücləndirib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analitik məqaləsində deyilir.
Mərkəzin ekspertləri təhlildə dünyanın geosiyasi xəritəsində baş verən son gəlişmələrə diqqət çəkirlər:
“Böyük Britaniya kəşfiyyatının son hesabatına görə, Rusiyanın Ukraynaya qarşı təcavüzü beynəlxalq aləm üçün ciddi təhlükə yaratsa da, Çinin müxalif fikirlərə nəzarət etmək üçün texnologiyalardan istifadəni genişləndirməsi və peyk sistemlərinə hücumları, o cümlədən rəqəmsal valyutalara nəzarət etmək və fərdləri izləmək qabiliyyətinin artması daha dərin problemlər yaradıb.
Böyük Britaniya kəşfiyyatında mühüm vəzifə tutan Ceremi Fleminqin sözlərinə görə, Rusiya təhlükəsi müvəqqəti xarakter daşıyır, əsas təhlükə Çinlə bağlıdır:
“Çin kəşfiyyat texnologiyalarını daim modernləşdirir. Pekin bu vasitələrlə həm iqtisadi casusluq imkanlarını artırıb, həm də Çində özgəfikirliyə qarşı mübarizəni genişləndirib. Qərb ölkələri informasiya texnologiyalarından elmi-texniki tərəqqi məqsədilə istifadə edərkən, Çin bundan rəqiblərinə qarşı istifadə edir. Pekin bu sahədə xeyli irəliləyib. Pekin başqalarının səhvlərini öyrənir, müdafiəni gücləndirir və hücumlara hazırlaşır, bir gün bunlardan Tayvanın ələ keçirilməsi üçün istifadə ediləcək”.
Müşahidəçilər Britaniya kəşfiyyat xidmətinin 30 illik veteranı olan Ceremi Fleminqin nadir hallarda ictimaiyyət qarşısında çıxış etdiyini bildirirlər. Ancaq təhlükənin miqyası o qədər böyükdür ki, o, mövcud vəziyyəti ictimaiyyətlə bölüşmək qərarına gəlib.
Fleminq Ukraynaya qarşı işğalçı müharibəni nəzərdə tutaraq, Rusiyanı “hərəkətlərində gözlənilməz olan pozucu” kimi təsvir edir, müasir texnologiyalara malik Çinin isə daha təhlükəli olduğunu vurğulayır.
Həqiqətən Ukraynaya qarşı müharibə göstərir ki, Rusiyanın imkanları məhduddur, ordu texnologiyalarla zəif təchiz olunub. Rusiyadan fərqli olaraq, Çin öz ordusunun və kəşfiyyat xidmətinin müasir texnologiyalarla təchizatını gücləndirib. Pekin texnoloji üstünlüyə malikdir”.