28 Oktyabr 2022 23:56
2 201
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və Belarus Ukrayna ilə sərhəddə vəziyyəti gərginləşdirmək üçün tədbirlər görür.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Dövlət Sərhəd Xidmətinin sözçüsü Andrey Demçenko deyib.

O qeyd edib ki, hazırda birbaşa Belarusla sərhəddə vəziyyətdə heç bir dəyişiklik yoxdur və nəzarət altındadır.

Demçenkonun sözlərinə görə, bu istiqamətdə olan bölmələr rotasiya əsasında dəyişir. Bununla belə, Belarus Rusiyanın Ukraynaya qarşı silahlı təcavüzünə dəstəyini dayandırmır, ona ərazisi, hava məkanı və infrastrukturundan istifadə imkanı yaradır.

“Bundan əlavə, həm Rusiya, həm də Belarus tərəfindən vəziyyətin gərginləşdirildiyini, o cümlədən qondarma qoşun qruplaşmasının yaradıldığını və işğalçı ölkənin qoşun və texnikasının Belarusa göndərildiyini görürük. Belarusdan Ukrayna ərazisini işğal edə biləcək belə bir zərbə qrupunun tam yaradılması hələ qeydə alınmasa da, təəssüf ki, bu ölkələrin hərəkətləri məqsədyönlü şəkildə həyata keçirilir”, - Demçenko vurğulayıb.

O hesab edir ki, Rusiya Belarusu genişmiqyaslı müharibəyə cəlb etmək üçün hər cür cəhdi göstərir:

“Eyni zamanda, Belarus hakimiyyəti bəyanatlarla məsuliyyəti Ukraynanın üzərinə atmağa çalışır ki, guya biz bu ölkəyə qarşı aqressivik”.

Demçenko qeyd edib ki, bu istiqamətdə təhlükə qalır və Belarusla sərhədi qoruyan və müdafiə edən Ukraynanın bütün təhlükəsizlik və müdafiə qüvvələri istənilən gəlişməyə hazırdır.

Onun sözlərinə görə, həm işğalçı ölkə, həm Belarusla, eləcə də Moldova ilə sərhədin Dnestryanı seqmentdə olan hissəsi hazırda xeyli gücləndirilib.

Belarusla sərhədə gəlincə, Demçenko vurğulayıb ki, sərhədçilər və ümumilikdə müdafiə qüvvələri vəziyyətin daha da pisləşməsinin, gərginləşməsinin qarşısını almaq, vəziyyətin hər hansı gərginləşməsi baş verərsə, adekvat cavab vermək üçün bu istiqamətə maksimum diqqət yetirirlər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər