Səhər saatlarında rus ordusu Ukrayna şəhərlərinə raket zərbəsi endirib.
Teleqraf.com xəbər ki, Nikolayev vilayətinin rəhbəri Vitali Kim bölgə üzərindən şimal və şimal-qərb istiqamətində raket hücumunun olduğunu deyib.
Daxili işlər nazirinin müşaviri Anton Geraşenko düşmənin eyni anda 40 raket atdığını iddia edib.
Paytaxtda partlayış səsləri eşidilib.
Kiyev vilayətinin rəhbəri Aleksey Kulebanın sözlərinə görə, hava hücumundan müdafiə vasitələri işləyib:
“Kiyev vilayətinin sakinləri! Bölgədə hava hücumundan müdafiə sistemi fəaliyyət göstərir. Sığınacaqlarda və təhlükəsiz yerlərdə qalın”.
Həmçinin sosial şəbəkələrdə Xarkovda partlayışlarla bağlı mesajlar yayılıb. Faktı Xarkov vilayətinin rəhbəri Oleq Sinequbov təsdiqləyib: “Xarkov və bölgə sakinləri, sığınacaqlarda qalın! İşğalçılar vururlar”.
Xarkov şəhərinin meri İqor Terexov isə bildirib ki, ruslar şəhərin mühüm infrastruktur obyektini vurub.
Bundan əlavə, Vinnitsa bölgəsi də hücuma məruz qalıb. Vilayətin rəhbəri deyib ki,Vinnitsa raket atəşinə tutulub: “Hava hücumundan müdafiə sistemi işləyir. Sığınacaqlarda qalın. Özünüzə diqqət edin”.
Çerkassı vilayətinin rəhbəri İqor Taburets bildirir ki, düşmən bölgədəki mühüm infrastruktur obyektlərindən birinə hücum edib: “Bu səbəbdən rayonun bir hissəsi işıqsız qalıb. Təcili yardım xidmətləri işləyir”.
Zaporojya merinin səlahiyyətlərini icra edən Anatoli Kurtev bildirib ki, səhər saatlarında düşmən mühüm infrastruktur obyektinə hücum edib: “Hücum səbəbindən şəhərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb. Zərərçəkənlər və dəymiş ziyanın həcmi barədə məlumat dəqiqləşdirilir”.