31 Oktyabr 2022 12:48
905
12 Punto 14 Punto 16 Punto 18 Punto

22 yaşlı Məhsa Əmininin 40 gün əvvəl “əxlaq polisi” tərəfindən öldürülməsi əvvəlcə İranın qərbində - Kürdüstan bölgəsində, sonra isə bütün ölkədə etirazlara səbəb oldu. İranın cənub-şərqindəki Bəlucistan bölgəsi də daxil olmaqla, davam edən kütləvi nümayişlərdə qırğınların olduğu bildirilir. Rejim fəal şəkildə etirazların böyüməsinin qarşısını almağa çalışır.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrailin “Yerusəlim Post” qəzeti yazır.

Nəşr molla rejiminin kütləvi nümayişlərin qarşısını almaq üçün bir sıra sərt taktikalara əl atdığını bildirir. Rejim nümayişlərin daha da böyüməsindən qorxur, buna görə də etirazçılara qarşı təzyiqləri “yumşaltmağa” çalışır. Nədənsə İran rəhbərliyi bu etirazları əvvəllər baş verənlərdən fərqli olaraq qiymətləndirir. Əslində baş verənlər iqtisadiyyat və ya yoxsulluqla bağlı deyil, əksinə, teokratik rejimin əsasları ilə əlaqəlidir.

Rejim nümayişlərin davam etdiyi bölgələrə çevik qüvvələr göndərib, interneti kəsib, etirazçıları saxlayır və ya həbs edir. Nümayişlərin şiddətlənəcəyindən çəkinən rejim polisi həmişəkindən daha az öldürücü vasitələrlə silahlandırır.

Bütün bu müddətdə Qərb İrana qarşı müxtəlif yeni sanksiyalar tətbiq edib.

İran hökuməti “fırtına”nın öhdəsindən gələ biləcəyini, qarşıdakı bir neçə həftə ərzində etirazları cilovlamağa çalışacağı mesajını verir. Prezident İbrahim Rəisi hökumətin universitetlərdə baş verən etirazları müzakirə etmək istədiyini söylədi. Bu, barışdırıcı mesaj kimi səslənə bilər, amma bu, o qədər də inandırıcı görünmür.

Ritorikası İran rejiminin ölkəni bürüyən etirazları ciddi qəbul etdiyini göstərir, amma o xalqın qəzəbini yatıra bilməyəcəyini də anlayır.

İran rejiminin ziddiyyətli tonu və səhvlərini etiraf edən mesajları, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) etirazları yatırtmaq üçün etdiyi təhdidlər nümayişlərə ciddi müdaxilələrin ola bilməyəcəyinə işarədir. Çünki İran rejimi bu halda bütün ölkənin onlara qarşı birləşəcəyindən qorxur.

Rejim atacağı sərt addımların Kürdüstan, Bəlucistan və ölkənin digər bölgələrində daha böyük üsyanlara səbəb olacağını dərk edir. Rejim ölkənin kritik bölgələrinin kütləvi nümayişlərə çəkilməsini və ona qarşı birləşməsini istəmir.

Bundan əlavə, rejim etirazlarda qeydə alınan ölümləri azaltmağa çalışır. Məsələn, sentyabrın sonlarında öldürülən 16 yaşlı Nika Şahkəriminin qətli etirazları daha qızışdıran hadisə oldu.

Nikanın təhlükəsizlik qüvvələri tərəfindən təqib edildiyi və saxlanıldığı, cəsədinin bundan sonra tapıldığı bəlli olsa da, İran rejimi mübahisə edir, ardıcıl şəkildə ittihamları üstündən atır. Çünki rejim təhlükəsizlik qüvvələrinin gənc qadınları öldürdüyü hər bir hadisənin daha böyük etirazlara səbəb ola biləcəyindən narahatdır. Buna görə də baş verənləri inkar etməkdə çox istəklidir. Bu, köhnə taktikadır: öz qəddarlığını heç vaxt şərh etmir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər