ABŞ Səudiyyə Ərəbistanına İranın bu ölkəyə qaçılmaz hücuma hazırlaşdığına dair kəşfiyyat məlumatı ötürüb.
Teleqraf.com xəbər verir ki, Səudiyyə Ərəbistanına mümkün hücumla bağlı artan narahatlıq Co Bayden administrasiyasının kütləvi etirazları yatırtmaq üçün güc tətbiq edən Tehranı tənqid elədiyi vaxta təsadüf edir.
ABŞ Milli Təhlükəsizlik Şurasının məsələ ilə əlaqədar bəyanatında deyilir:
“Bu təhlükəli mənzərədən narahatıq. Hərbi və kəşfiyyat kanalları vasitəsilə Səudiyyə rəhbərliyi ilə daim əlaqə saxlayırıq. Regiondakı maraqlarımızı və müttəfiqlərimizi müdafiə etmək üçün hərəkətə keçməkdən çəkinməyəcəyik”.
Nə Səudiyyə, nə də İran iddialarla bağlı açıqlama verib. ABŞ kəşfiyyatı isə hücumun tezliklə və ya yaxın saatlarda baş verəcəyi iddiasındadır. ABŞ rəsmiləri də AP-yə adlarının anonim qalması şərti ilə iddianı təsdiqləyiblər.
Pentaqonun sözçüsü briqada generalı Patrik Rayder ABŞ-ın hərbi komandanlığının yayılan kəşfiyyat məlumatı ilə bağlı bölgədəki təhlükəli durumdan narahat olduqlarını söyləyib.
“Səudiyyəli müttəfiqlərimizlə bu məsələ ilə bağlı verə biləcəkləri məlumatlarla əlaqədar müntəzəm əlaqə saxlayırıq. Ancaq əvvəllər dediyimiz və təkrar edəcəyimiz kimi, istər İraqda, istərsə də başqa yerlərdə qüvvələrimizin yerləşdirildiyi hər yerdə özümüzü qorumaq və müdafiə etmək hüququmuzu özümüzdə saxlayacağıq”, - Rayder deyib.
Oxşar bəyanatla ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays da çıxış edib. Prays ABŞ-ın təhdidedici mənzərədən narahat olduğunu söyləyib.
Bundan əvvəl “Wall Street Journal” İranın yaxın gələcəkdə Səudiyyə Ərəbistanı və İraqa hücum etməyə hazırlaşacağına dair kəşfiyyat məlumatına görə Ər-Riyad və Vaşinqtonun təşviş içində olduğunu yazıb. Nəşrə danışan ABŞ və Səudiyyə rəsmiləri İranın diqqəti ölkə daxilindəki etirazlardan yayındırmaq üçün yaxın vaxtlarda Səudiyyə və İraqın Ərbil şəhərindəki bəzi hədəflərə hücum edə biləcəyini bildiriblər.
Səudiyyə Ərəbistanının bu kəşfiyyatı ABŞ rəsmiləri ilə bölüşdüyünə diqqət çəkilən xəbərdə iki ölkə və bəzi digər ölkələrin ordularının həyəcan vəziyyətində olduğu deyilib.