3 Noyabr 2022 09:05
898
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Brüsseldə keçirilən Azərbaycan-Ermənistan görüşləri müsbət dinamika ilə inkişaf edirdi. Ehtimal olunurdu ki, bu platformada özlərini daha rahat hiss edən Azərbaycan və Ermənistan rəhbərliyi sülhə doğru gedir. Hətta Nikol Paşinyan açıq şəkildə bildirirdi ki, ilin sonuna qədər sülh müqaviləsi bağlana bilər. Rusiya Prezidenti Vladimir Putin isə açıq-aşkar göstərmək istəyir ki, belə bir sülh razılaşması olmamalıdır və ya olmayacaq. Əslində məncə, Soçi görüşünü təşkil etməkdə məqsədi də bu olub”.

Bu fikirləri Teleqraf.com-a professor Əli Abbasov Soçi görüşü haqqında danışarkən bildirib.

Əli Abbasov qeyd edib ki, Putin əslində hər iki tərəfi bu niyyətlə razılaşmasına çalışıb:

"Buna misal olaraq Soçidə ortaya qoyulan üçtərəfli bəyanatın ilkin variantını göstərə bilərik. Görüşdən əvvəl Putin “Valday” klubunda çıxış edərkən ermənilərə müəyyən mesaj verib, Qarabağın "statusu" məsələsini gündəmə gətirib, ermənilər tərəfindən irəli sürüləcək təkliflərə həssas yanaşdığını ortaya qoyub. Bir sözlə, Soçidə “Putin variantı” ortaya qoyulub. Putin əslində göstərmək istəyir ki, məsələni onun özü həll edir. Nə Avropa, nə də Amerika bu məsələdə əsas deyil. Bir sözlə, Putin hazır olan sazişi faktiki pozur”.

Əli Abbasov eyni zamanda deyib ki, Avropa İttifaqının rəhbərliyinin təşəbbüsü ilə başlayan Brüssel formatının davam edəcəyi qənaətindədir:

“Bu formatın dayandığını deyə bilmərik. Sadəcə nə qədər Rusiya zəifləsə, Brüssel formatı bir o qədər irəli gedə, Azərbaycan və Ermənistan arasında saziş imzalana bilər. Burada problem ruslardır. Bu ay da Brüsseldə görüşlər nəzərdə tutulub. Ona qədər Ukraynada ciddi hadisələr yaşansa Rusiyanın Qarabağ istəkləri arxa plana keçəcək.

İndiki halda Putin Azərbaycan-Ermənistan münasibətlərinbin gərgin olmasını və bu prosesin həllinin uzanmasını istəyir. Faktiki ABŞ və Avropanı hədəf alaraq niyyətini ortaya qoydu. Amma müsbət haldır ki, dünyada heç kim Putinlə danışıqlar aparmır, onun başı uzunmüddət Ukraynaya qarışmalı olacaq”.


Müəllif: Nemət

Oxşar xəbərlər