2 Noyabr 2022 22:44
1 294
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın yüksək rütbəli hərbi rəsmiləri bu yaxınlarda Ukraynada taktiki nüvə silahından nə vaxt və necə istifadə edə biləcəklərini müzakirə etmək üçün bir araya gəliblər.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın “Nyu-York Tayms” qəzeti yüksək rütbəli ABŞ rəsmilərinə istinadən yazıb.

Nəşr görüşdə Rusiya Prezidenti Vladimir Putinin iştirak etmədiyini iddia edib.

“Rusiya rəsmilərinin belə bir müzakirə aparması ABŞ-ı hərəkətə keçirəcək. Çünki bu, rus generallarının döyüş meydanındakı uğursuzluqlarından nə qədər məyus olduqlarının sübutudur. Bu, nüvə silahından istifadə ilə bağlı Putinin üstüörtülü hədələrinin sadəcə söz olmadığını göstərir”, - məqalədə deyilib.

Oktyabr ayında əldə edilən bu kəşfiyyat məlumatına baxmayaraq, ABŞ rəsmiləri rusların cəbhədə nüvə silahı yerləşdirdiyinə və ya hücuma hazırlaşmaq üçün addımlar atdıqlarına dair heç bir dəlil görmədiklərini söyləyiblər.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə direktoru Con Kirbi xəbəri şərh etməyib:

“Əvvəldən deyirik ki, Rusiyanın nüvə silahının potensial istifadəsi ilə bağlı açıqlamaları dərin narahatlıq doğurur. Bu bəyanatları ciddi qəbul etdiyimizi bildirmişik. Amma Rusiyanın belə bir addıma hazırlaşdığına dair heç bir əlamət görmürük”.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Rusiyanın 2000-ə qədər taktiki nüvə silahı ehtiyatına malik olduğunu təxmin edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər