ABŞ Prezidenti Co Bayden Floridada “Amerikalı ailələr üçün xərclərin azaldılması” mövzusunda keçirilən tədbirdə çıxış edib.
Teleqraf.com xəbər verir ki, Bayden yüksək inflyasiyanın səbəbi kimi Ukrayna böhranını göstərmək istəyərkən, Rusiya və Ukrayna arasında gedən müharibəni İraqla qarışdırıb.
Bundan sonra səhv etdiyini anlayaraq, sözlərinə düzəliş verib. Bu dəfə isə Bo Baydenin İraqda öldüyünü deyərək, buna görə də hər şeyi qarışdırdığını söyləyib.
Bir müddət Delaver ştatının baş prokuroru vəzifəsində işləmiş Bo Co Baydenin böyük oğludur. Bo 2008-ci ildə İraqda Delaver Milli Qvardiyasında bir il xidmət edib. Amma 2015-ci ildə ABŞ-ın Merilend ştatında beyin xərçəngindən dünyasını dəyişib.
Bayden oktyabrın 13-də Koloradodakı çıxışında da oğlunun ölümünü növbəti dəfə yanlış xatırlamışdı.
Mart ayında etdiyi çıxışında da Ukrayna xalqının əvəzinə “Putin heç vaxt İran xalqının qəlbini və ruhunu fəth etməyəcək” demişdi.