Son həftələrdə dalana dirənmiş “taxıl dəhlizi” müqaviləsi ilə bağlı gəlişmələr dünya tərəfindən yaxından izlənilir. Rusiya-Ukrayna müharibəsindən sonra başlayan taxıl böhranını uğurlu diplomatiya ilə həll edən Türkiyə bununla qlobal ərzaq qıtlığının qarşısını da alıb.
Teleqraf.com xəbər verir ki, uğurlu diplomatik əlaqələri sayəsində həftələrdir dünyada danışılan Türkiyə yenidən gündəmə gəlib.
Rusiya razılaşmanın davam etməsini istəmədiyini bildirdikdən sonra böhran təzədən başladı. Problemə növbəti dəfə müdaxilə edən Türkiyə məsələni yenidən çözdü. Prezident Rəcəb Tayyib Ərdoğan dünya ilə yaxından əlaqəli olan taxıl böhranı ilə bağlı şad xəbəri dünən ictimaiyyətə açıqladı.
Prezident Ərdoğan Rusiya müdafiə naziri Şoyqunun türk həmkarı Hulusi Akarla telefon əlaqəsi saxladığını və taxıl dəhlizi razılaşmasının icrasının davam etdirilməsinə qərar verildiyini bildirdi. Beləliklə, Rusiya-Ukrayna müharibəsinin başlamasından bəri uğurlu diplomatik əlaqələri ilə adından söz etdirən Türkiyə yenidən dünyanın gündəmindədir.
Prezident Ərdoğanın müdaxiləsi ilə aradan qaldırılan böhran dünya mətbuatında geniş yer tapıb. Bir çox ölkənin “son dəqiqə” mesajı ilə yayımladığı xəbərdə Türkiyə liderinin diplomatiya trafiki manşetlərə çevrilib.
ABŞ-ın “Washington Post” qəzeti manşetində taxıl dəhlizi böhranının həllində Türkiyənin önəmindən bəhs edib. Türkiyənin əvvəllər də BMT ilə uğurlu diplomatiya apardığını bildirən Amerika nəşri Ərdoğanın müjdəni dünyaya verdiyini və narahatlıq doğuran ərzaq böhranında həll yolu tapıldığını yazıb.
BBC böhranın həllini “Rusiyanın geri dönüşü” başlığı ilə elan edib. Rusiyanın taxıl dəhlizi razılaşmasını dayandırmasından sonra Türkiyənin işə qarışdığını və Rusiyanı yenidən müqaviləyə qaytardığını bildirən BBC Ərdoğanın bu prosesdəki uğurlu roluna diqqət çəkib.
“Bloomberg” də öz manşetində Türkiyənin diplomatik uğurunun önəminə toxunub. Türkiyənin Rusiyanı yenidən masaya oturtduğunu bildirən agentlik bütün dünyada müsbət qarşılanan bu qərarın Ərdoğanın Rusiya Prezidenti Putinlə telefon danışığından sonra gəldiyinə diqqət çəkib.
Fransa mətbuatı gəlişməni “Rusiya Ərdoğanın vasitəçiliyindən sonra taxıl müqaviləsinə yenidən qayıtdı” başlığı ilə oxucularına təqdim edib.
İngilis nəşrləri Putinin Ərdoğanın səyləri ilə geri addım atdığını yazıblar. “Guardian” məqaləsində “Rusiya lideri geri addım atdı və bu addım həm də Türkiyənin artan təsirini göstərir” sözləri ilə Türkiyənin rolunun önəminə diqqət çəkib.
Yunanıstanın “Kathimerini” qəzeti dünyaya rahat nəfəs aldıran gəlişmənin Türkiyə tərəfindən təmin edildiyini bildirib. Nəşr Türkiyənin Rusiya-Ukrayna böhranında təsiredici vasitəçi olduğunu yazıb.
Yunanıstanın “Ethnos” qəzeti də məsələyə geniş yer ayırıb. Nəşr oxucularının qarşısına “Rəcəb Tayyib Ərdoğan Putini taxıl dəhlizini açmağa necə razı saldı?” adlı məqalə ilə çıxıb.