Ukraynalı hərbi ekspert Oleq Jdanov Kiyev və ya Xarkov kimi çoxmilyonlu şəhərləri tutmaq üçün nə qədər rus hərbçisinin lazım olduğu sualına cavab verib.
Teleqraf.com xəbər verir ki, ekspert bunun çox ciddi qüvvə tələb etdiyini bildirib.
“Çoxmilyonlu şəhərləri ələ keçirmək üçün çox böyük qüvvə lazımdır. Hər bir şəhərə ən azı yarım milyon insan düşür. Daha kiçik qüvvələrlə cəhd edə bilərsiniz, amma o zaman uğurun heç bir zəmanəti olmayacaq”, - Jdanov söyləyib.
Eyni zamanda, ekspert Lisiçansk, Severodonetsk və Mariupolun ələ keçirilməsi ilə bağlı durumu xatırlamağı tövsiyə edib:
“Üç ay ərzində Severodonetskə hücum etdilər. Küçə döyüşləri ən ağır döyüşlərdir. Mariupola nə qədər rus hərbçisi göndərildiyini xatırlayın. On minə yaxın rus hərbçisini orada basdırdıq. Orada Rusiya Ordusunun Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlı briqadasını tamamilə məhv etdik, Sevastopol 810-cu dəniz piyada briqadasını da orada yox etdik. Rusiya Silahlı Qüvvələrinin ən yaxşı və müasir diviziyası olan 150-ci motoatıcı diviziyasını demək olar ki, tamamilə məhv etdik”.
Kiyevin tutulması təhlükəsinə gəlincə, Jdanov söyləyib:
“Kiyev şəhərinin diametri təqribən 30 kilometr, şəhər sərhədlərinin perimetri isə 100 kilometrdən çoxdur. Şəhər mühasirəyə alınmalı və tədarükdən tamamilə məhrum olmalıdır və yalnız bu yolla ona hücum etmək olar. Ona görə də qoşunların qruplaşdırılması üçün ən azı yarım milyon nəfər lazımdır”.