Çin lideri Si Cinpin Xalq Azadlıq Ordusunun komanda qərargahı olan Mərkəzi Hərbi Komissiyanın (MAK) Birgə Əməliyyat Mərkəzinə baş çəkib.
Teleqraf.com xəbər verir ki, bu barədə Çin dövlət televiziyası (CCTV) məlumat yayıb.
Cinpin buradakı çıxışında Çin ordusunun yeni dövrdə çətin və ağır missiya ilə üzləşdiyini deyib:
“Bütün silahlı qüvvələr yeganə və ən əsas meyar kimi döyüş qabiliyyətinə diqqət yetirməli, bütün işlərini müharibəyə hazır olmaq və qalib gəlmək gücünə yiyələnmək məqsədinə uyğun aparmalıdır”.
Çin lideri dünyanın son bir əsrdə sürətli dəyişikliyə məruz qaldığını söyləyib:
“Çin ordusu ölkənin milli suverenliyini, təhlükəsizliyini və inkişaf maraqlarını qətiyyətlə qorumalı, partiya və xalqın ona verdiyi vəzifələri yerinə yetirməlidir”.
Cinpin Çin ordusunun 2027-ci ilə qədər dünyanın ən yüksək səviyyəli silahlı qüvvələrindən birinə çevrilməli olduğunu deyib.
“Buna nail olmaq üçün əlimizdən gələni etməliyik”, - Çin lideri bildirib.