ABŞ-ın keçmiş prezidenti Donald Tramp yenidən Ağ Evə qayıtmaq barədə düşünür. Amerikanın hazırkı prezidenti Co Baydenin səhhətində problemləri var. Ona görə də onun ikinci müddətə prezident seçilməsi sual yaradır. Hətta Demokratlar Partiyasından olan tərəfdarları da Baydenin yerinə başqa namizədin olması gərəkliyi barədə mülahizələr yürüdürlər.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analitik təhlilində deyilir.
Mərkəzin ekspertlərinin fikrincə, bu durumda Tramp Respublikaçılar Partiyasının əsas namizədinə çevrilə bilər:
“Trampın Baydenə qarşı əsas silahı onun səhhətindəki problemləridir. Doğrudur, Tramp da yaşlıdır, ancaq fiziki baxımdan daha sağlam görünür. Respbulikaçılar güclü namizəd tapmasalar, Trampın namizəd olması ehtimalı artacaq. Trampın rəqibləri bunun qarşısını almağa çalışırlar. Onlar Trampa qarşı ifşaedici faktlar tapmağa və yayımlamağa başlayıblar. Məsələn, Tramp prezident olanda ən çox Çini tənqid edirdi. Ancaq bəlli olur ki, Tramp ailəsinin Çində böyük biznes maraqları var.
“Nyu-York Tayms”ın araşdırmasına görə, Trampın Çində bank hesabı olub və bu hesab vasitəsilə bu ölkədə iqtisadi layihələr həyata keçirilib. Trampın Çində otellər şəbəkəsi də olub. Həmin şəbəkə Çinə vergi ödəyib. Tramp prezident seçildikdən sonra biznesini ailə üzvlərinə tapşırıb. Çindəki şəbəkə ailəyə yaxşı gəlir gətirib.
Amerika mətbuatı Tramp əleyhinə başqa bir məqalə də yayımlayıb. Məlum olur ki, Trampın inşaat şirkətlərindən biri Çin şirkəti ilə birgə İndoneziyada böyük tikinti layihəsi həyata keçirib və böyük gəlir əldə edib”.
Təhlildə vurğulanır ki, Tramp ailəsinin Çinlə Dubayda da (BƏƏ) ortaq layihələri olub:
“Trampın qızı İvanka Çinlə birgə fəaliyyəti koordinasiya edib. Çinin nəhəng ICBC bankının Nyu-York filialı Trampın binasında yerləşib. Amerika mətbuatında Trampın Nyu-Cersi qolf klubunda məşhur çinli biznesmen Tao Li ilə şəklini yayımlayıb. Onun Çin və Latın Amerikasında mütəşəkkil cinayətkarlarla əlaqəsinə dair məlumatlar da var. Bu biznesmen Çində axtarışa verilib. Amma bu, Trampı onunla dostluqdan çəkindirməyib.
Çinli biznesmenin də Nyu-Yorkda “Trump Tower”də dəbdəbəli mənzili var.
Əlbəttə, Tramp ailəsinin Çindəki iqtisadi fəaliyyətində heç bir kriminal yoxdur. Sadəcə Trampın rəqibləri ona diqqət yetirirlər ki, Çində bu qədər iqtisadi marağı olan Ağ Evin keçmiş sahibi Pekini tənqidində səmimi deyildi. Tramp prezident seçkisində namizədliyini irəli sürərsə, ona qarşı bu kimi ifşaedici faktlardan istifadə olunacaq”.