11 Noyabr 2022 13:00
953
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da Respublikaçılar Partiyasının namizədi Ron Desantis Florida ştatında yenidən qubernator seçilib. “Yeni Tramp” kimi tanınan Desantisin 2024-cü ildə keçiriləcək prezident seçkilərində partiyanın namizədliyi üçün Trampa rəqib olacağı ehtimal olunur.

Teleqraf.com xəbər verir ki, noyabrın 8-də ABŞ-da keçirilən aralıq seçkilərin nəticələri həm Respublikaçılar, həm də Demokratlar üçün gözlənilməz olub.

Artan inflyasiya, cinayət sayı və təhlükəli mərhələyə keçən iqtisadiyyata baxmayaraq, ictimaiyyət respublikaçıları gözlədikləri qədər dəstəkləməyib. Nümayəndələr Palatasında əksəriyyət Respublikaçılara keçdiyi halda, qeyri-rəsmi nəticələrə görə, Respublikaçılar 209, Demokratlar isə 191 yerə sahib olublar. Hesablama davam etdiyi üçün səs çoxluğu üçün 218 yer lazımdır. Senatda isə baş-başa yarış davam edir.

Donald Tramp üçün aralıq seçkilərinin mühüm nəticələrindən biri rəqibini təxminən 20 xal qabaqlayan Respublikaçı Ron Desantisin Florida ştatının qubernatoru seçilməsi olub.

2024-cü il seçkilərində Respublikaçılar Partiyasından namizədlik yarışında Trampa rəqib olacağı düşünülən Desantis artıq “yeni Tramp” kimi də xatırlanır. Trampa qarşı daha gənc və dinamik bir ad olaraq seçilən Ron Desantisin həyatından diqqət çəkən məqamlar belədir:

1978-ci il sentyabrın 14-də Florida ştatının Ceksonvil şəhərində anadan olan Ron Desantisin 44 yaşı var. Üç övlad sahibidir.

Yel Universitetində tarix və Harvardda hüquq təhsili aldıqdan sonra federal prokuror kimi karyerasına başlayıb. Amerika mətbuatı onu “Yel və Harvardda oxumaq üçün kifayət qədər ağıllı orta səviyyəli adam” kimi təsvir edir.

ABŞ Hərbi Dəniz Qüvvələrində hüquq məsləhətçisi vəzifəsində çalışarkən İraqın Fəllucə şəhərində müharibə cinayətləri törədən amerikalı əsgərlərin müdafiəsini öz üzərinə götürüb.

O, kampaniyalarında sərhəd təhlükəsizliyinin artırılması, gəlir vergilərinin aşağı salınması, abort hüququnun məhdudlaşdırılması kimi məsələləri önə çəkib. Eyni zamanda iqlim böhranı, pandemiya məhdudiyyətləri və səhiyyə məsələlərini prioritetlər kimi sıralamır. Bir növ Donald Trampı təkrarlayır.

Desantis komanda işinə meyli, rəqiblərini öz tərəfinə çəkmək bacarığı, ciddi və ardıcıl görünüşü ilə respublikaçı müşahidəçilər tərəfindən “Trump 2.0 – The new model Tramp” adlandırılır.

“Yeni Tramp” 12 il əvvəl Floridada tanınmış keçmiş televiziya aparıcısı Keysi Bleklə evlənib. Keçən mart ayında xərçəng müalicəsini tamamlayan Keysi Desantisin ən yaxın məsləhətçisidir. Xəstəliyinə baxmayaraq, ərinin bütün verilişlərində iştirak edir, hətta bəzən onun elektron məktublarına belə cavab verir.


Müəllif: Nemət

Oxşar xəbərlər