11 Noyabr 2022 13:09
1 057
12 Punto 14 Punto 16 Punto 18 Punto

Molla rejimi edam etdiyi güləşçi Navid Əfkarinin bacısı Elham Əfkarini İngiltərədə yerləşən “Iran International” xəbər agentliyinin “agent”i olduğunu iddia edərək həbs edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Iran International” məlumat yayıb.

Nəşr bildirir ki, “İslam İnqilabı Keşikçiləri Korpusu”na (SEPAH) bağlı media yalandan onun “agent”i olduğunu iddia edir.

Məlumatda deyilir ki, rejim Elham Əfkarinin əri və üç yaşlı qızını da həbs edib.

“Iran International”ın teokratik rejimi silkələyən kütləvi nümayişlərlə bağlı 24 saatlıq reportajı Tehran başçılarını qəzəbləndirib. Rejimin kəşfiyyat naziri İsmayıl Xətib müxalif xəbər agentliyini “terrorçu təşkilat” adlandırıb.

“Iran International” sentyabrda “əxlaq polisi”nin 22 yaşlı Məhsa Əminini qətlə yetirməsinə cavab olaraq teokratik dövləti əhatə edən genişmiqyaslı nümayişlər haqda ətraflı məlumat yayıb. Bədnam “əxlaq polisi” Məhsanı saçlarını hicabla düzgün örtmədiyi üçün qətlə yetirib.

Molla rejiminin polis orqanları Məhsanın həbs zamanı işgəncələrə məruz qaldığını və öldürüldüyünü inkar edərək, onun ürək tutmasından həyatını itirdiyini iddia edir. Amma Məhsanın atası polisin yalan danışdığını deyir.

“Iran International” xəbər verir ki, molla rejimi sentyabrın ortalarından bəri təxminən 15 min etirazçını həbs edib. Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatə isə bildirir ki, kütləvi nümayişlər zamanı 300-dən çox insan öldürülüb.

Navid Əfkarinin edamı

Teokratik rejim 27 yaşlı yunan-roma güləşçisi Navid Əfkarini 2020-ci ilin sentyabrında edam edib. Əfkari dövlət məmuru Həsən Torkmanın qətlində ittiham olunub. Əslində, o, 2018-ci ildə Şirazda iqtisadi inflyasiya və siyasi korrupsiyaya qarşı etirazlara qatıldığı üçün dara çəkilib.

Əfkari edama qədər işgəncələrə məruz qalıb. Güləşçi məhkəmədə bu işgəncələrə görə “cinayət”i etiraf etmək məcburiyyətində qaldığını deyib və ittihamı rədd edib.

“Bu lənətə gəlmiş işdə mənim günahkar olduğumu göstərən bir dənə də olsun dəlil yoxdur. Amma məni dinləmək istəmirlər. Onda başa düşdüm ki, kəndirlərinə boyun axtarırlar”, - Əfkari bildirib.

Əfkarinin işi beynəlxalq davaya çevrilib. O zamankı ABŞ Prezident Donald Tramp Tehran rejimini edamı dayandırmağa çağırıb. Beynəlxalq Olimpiya Komitəsi, Dünya Güləş Federasiyası, Böyük Britaniya, digər Qərb dövlətləri və bütün beynəlxalq insan haqları qurumları çağırış etsələr də, mollaları bu qorxunc fikrindən daşındırmaq mümkün olmayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər