Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən sammitinin yekunları üzrə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanı Türk Dünyasının Ali Ordeni ilə təltif edib.
Teleqraf.com “Anadolu”ya istinadən xəbər verir ki, Türkiyə dövlətinin başçısı bu ordenlə təltif edilməsinə görə minnətdarlığını və qürur duyduğunu bildirib.
“Türk Dünyasının Ali Ordeni türkdilli dövlətlərlə əlaqələrin gücləndirmək, xalqlarımızı birləşdirmək, Türk Dövlətləri Təşkilatının dünyada nüfuzunu artırmaq məsələsində mənim üzərimə böyük məsuliyyət qoyur”, - R.T.Ərdoğan deyib.
Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatı özünü tanınmış beynəlxalq struktur kimi təsdiqləyib: “Türk dünyası bu gün dünənkindən daha çox gücə malikdir. Ölkələrimiz müxtəlif sahələrdə: idmandan mədəniyyətə, siyasətdən ticarətə qədər sıx inteqrasiya və əməkdaşlıq arzusunda həmrəydir. Türk Dövlətləri Təşkilatının platforması dövlətlərimizin birgə səylərinin bəhrəsidir”.
Türkiyə dövlət başçısı türk dövlətlərinin birgə səylərinin istənilən çağırış və maneələrin aradan qaldırılmasına imkan yaradacağına əminliyini ifadə edib.
Xatırladaq ki, ötən gün Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı yüksək dövlət mükafatı - "İmam Buxari" ordeni ilə təltif edib.