“Ukrayna Silahlı Qüvvələri Dnepr boyunca Xersondan qaçan işğalçı qruplaşmaları məhv etməlidir. Əks halda, 20-30 minlik düşmən ordusu başqa istiqamətdə, məsələn, Donetsk vilayətində möhkəmlənəcək”.
Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Roman Svitan deyib.
Onun sözlərinə görə, Silahlı Qüvvələrin qaçan işğalçılara hücum etmək üçün kifayət qədər imkanları var. Bunun üçün HIMARS, digər artilleriya, M31 raketləri və sair silahları mövcuddur.
“Onlar geri çəkilərkən atəş açmasaq, yəni bu dəstəni sol sahilə buraxsaq, ukraynalıların hərbi-siyasi rəhbərliyə sualları olacaq. Sağ sahildəki 30 min rusu məhv etmək lazımdır. Yoxsa 30 min nəfər yaxşı silahlanmış, müharibədən keçmiş, döyüş hazırlığı olan ordu Donetskdə görünəcək. Bu halda Donetski və bir neçə min əsgərimizi itirəcəyik”, - Svitan bildirib.
Onun sözlərinə görə, müharibənin indiki mərhələsində belə səhvə yol vermək olmaz:
“Odur ki, qaçarkən o səfehləri məhv etmək lazımdır. Məsələn, Kiyev vilayətindən, İzyum və Limandan qaçdılar. Hər bir halda düşmən oradan çıxa bilib, Xersonda belə bir ssenari təkrarlanmamalıdır”.
Svitan həmçinin rusların Xersondan salamat geri çəkiləcəyi təqdirdə Donbasa göndəriləcəyinə əminliyini ifadə edib:
“Çünki ordunun bu hissəsinin müəyyən təcrübəsi var, hücum əməliyyatları apara bilir və Dnepr çayının sol sahilindəki ərazilərin müdafiəsi yeni səfərbər olunanlara həvalə olunacaq. Müəyyən müdafiə istehkamlarını hazırlıqsız qoşunlara verəcəklər”.